Böyük Britaniya gələn həftə ABŞ-nin iştirakı olmadan müttəfiqlərlə Hörmüz boğazı üzrə yeni danışıqlar raundunu keçirəcək.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi görüşün hazırlıqları ilə tanış olan Britaniya rəsmisinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, 41 ölkənin nümayəndələri ABŞ Prezidenti Donald Trampın İranla atəşkəs elan etməsindən sonra ilk dəfə toplaşacaqlar. Bununla belə, yeni raund 2 aprel görüşü ilə müqayisədə daha aşağı səviyyədə keçiriləcək.
Qeyd edilir ki, danışıqlardan əvvəl praktiki həll yollarının işlənib hazırlanması ilə məşğul olacaq çoxtərəfli işçi qrupları fəaliyyət göstərəcək. London sanksiyalar da daxil olmaqla, siyasi və iqtisadi tədbirləri, eləcə də Fars körfəzində bloklanmış gəmilərin sərbəst buraxılması üçün Beynəlxalq Dəniz Təşkilatı ilə qarşılıqlı əməkdaşlığı müzakirə etməyi nəzərdə tutur.
Böyük Britaniya, həmçinin qlobal neft və qaz tədarükünün təxminən 20%-nin keçdiyi Hörmüz boğazından keçid ödənişinin alınmasına qarşı çıxış edir. Müdafiə naziri Con Hili xəbərdarlıq edib ki, belə bir təcrübə təhlükəli beynəlxalq presedent yarada bilər.
Xatırladaq ki, Baş nazir Kir Starmer bu planları artıq Donald Trampla müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, ölkələr koalisiyası həm siyasi-diplomatik ssenari, həm də hərbi imkanlar və gəmilərin boğazdan müşayiət olunmasının logistikası məsələləri üzərində işləyir.