IMG-LOGO

Sakin deyilsinizsə, MTK-ların həyətinə girə bilməzsiniz - Qanunsuzdur?

10 Apr 2026 14:42 4 baxış
IMG
0 0

Bəzi Mənzil-Tikinti Kooperativilərinin (MTK) həyətinə keçəndə, orada gəzəndə, yaxud skamyalarda əyləşəndə binanın komendantı yaxınlaşaraq uzaqlaşmağı, burada yalnız sakinlərin hərəkət edə biləcəyini söyləyir.

Bəs görəsən, bu hərəkət hüquqi əsas daşıyır? Həmin binalarda yaşamayan şəxslər MTK-ların həyətindəki parklarda gəzə, əyləşə bilərlər?

Vəkil Asim Abbasov Lent.az-a açıqlamasında bildirib ki, bu məsələni hüquqi baxımdan düzgün qiymətləndirmək üçün ilk növbədə həmin ərazilərin hüquqi statusuna diqqət yetirilməlidir:

“Vətəndaşların tez-tez qarşılaşdığı məsələlərdən biri də mənzil-tikinti kooperativlərinin (MTK) həyətlərində kənar şəxslərin hərəkətinə qoyulan məhdudiyyətlərlə bağlıdır. Azərbaycan qanunvericiliyinə, xüsusilə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, çoxmənzilli yaşayış binalarının altında və ətrafında yerləşən torpaq sahələri, eləcə də ümumi istifadədə olan hissələr (həyət, girişlər və s.) mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunur. Bu isə o deməkdir ki, belə ərazilər avtomatik olaraq ictimai məkan statusu daşımır və müəyyən hallarda üçüncü şəxslərin girişinə məhdudiyyət qoyulması hüquqi baxımdan mümkündür. Əgər konkret MTK-nın həyəti rəsmi qaydada həmin kooperativin və ya mənzil mülkiyyətçilərinin balansında olan torpaq sahəsinə daxildirsə və bu ərazi xüsusi mülkiyyət kimi qeydiyyata alınıbsa, bu halda əraziyə giriş qaydalarının müəyyən edilməsi qanunazidd hesab olunmur. Belə vəziyyətlərdə mühafizəçilərin və ya komendantın kənar şəxslərə ərazini tərk etməyi bildirməsi hüquqi çərçivədən kənara çıxmır. Lakin bu hüquq mütləq xarakter daşımır və heç bir halda zor tətbiqi, fiziki müdaxilə və ya vətəndaşın hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılması ilə müşayiət oluna bilməz.

Digər tərəfdən, əgər sözügedən ərazi dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsidirsə və faktiki olaraq ictimai istifadə üçün açıqdırsa, bu halda MTK nümayəndələrinin və ya mühafizə xidmətinin kənar şəxslərin həmin ərazidə olmasına qadağa qoyması hüquqi əsasdan məhrum sayılır. Belə hallarda vətəndaşların ərazidə sərbəst hərəkət etmək hüququ qorunur və onların əsassız şəkildə ərazidən uzaqlaşdırılması qanun pozuntusu kimi qiymətləndirilə bilər. Bu kimi hallarla qarşılaşan vətəndaşlara tövsiyə olunur ki, ilk növbədə mübahisəli ərazinin hüquqi statusu barədə məlumat tələb etsinlər. Əgər hər hansı qanunsuz məhdudiyyət və ya kobud rəftar müşahidə olunarsa, vətəndaşlar müvafiq hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Hüquqi dövlət prinsiplərinə uyğun olaraq, həm mülkiyyət hüququ, həm də sərbəst hərəkət azadlığı balanslaşdırılmış şəkildə təmin olunmalıdır və bu balansın pozulması yolverilməzdir”.

MTK Vəkil Binalar mənzillərin həyətinə daxil olmaq

Xəbər lenti