İmişli rayonunun yonca sahələrində zərərverici həşəratlar yayılıb.
"Report"un Muğan bürosuna bu barədə rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, fitonomus adlanan zərərverici həşəratlar əsasən birinci biçində müşahidə olunur. Həşəratlar yoncanın yarpaqlarını bütünlüklə yeyərək məhv edir.
Nəticədə yoncanın məhsuldarlığı xeyli aşağı düşür. Hazırda ziyanvericilərə qarşı mexaniki və kimyəvi üsullarla mübarizə aparılır.
Məsələ ilə bağlı İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ziyanvericilərə qarşı mübarizə tədbirlərinin effektivliyi birbaşa düzgün vaxt seçimindən asılıdır. Belə ki, dərmanlama zamanı bir neçə məqamlara diqqət yetirmək tövsiyə edilir.
Havalar qızdıqca ziyanvericilər günorta saatlarında kölgəyə çəkilərək bitkinin dibinə toplaşırlar. Ona görə də günorta saatlarında aparılan dərmanlama işləri ziyanvericilərin gizlənməsi səbəbindən gözlənilən nəticəni vermir və təsirsiz olur. Bu səbəbdən mübarizə tədbirlərinin səmərəliliyini artırmaq üçün dərmanlamanın hava temperaturunun nisbətən aşağı olduğu, ziyanvericilərin aktiv olduğu saatlarda aparılması məqsədəuyğundur.
Mərkəzdən həmçinin bildirilib ki, fitonomus zərərvericilərinin aşkar edildiyi yonca sahələrində mübarizə tədbirləri həyata keçirilir. Eyni zamanda fermerlərin maarifləndirilməsi istiqamətində də işlər aparılır.