Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qalibi olmaq üçün çalışacaq.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.
Mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra Leone yığmasına penaltilər seriyasında (əsas vaxt 1:1) qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb:
"Azarkeşlərə təşəkkür edirəm. Sonadək dəstək oludular. Rəqib futbolçular bizdən bir az gümrah idi. İlk hissədə bir az səhvlərimiz oldu. İkinci yarıda oyunçuların istəyi artdı. Fanatlar üçün penaltilər seriyası maraqlı alındı. Bu turnirdə qalib olduğumuz üçün sevinirik. Bu qarşılaşma bizə siqnallar verdi. Rəqiblər güclü olduqca biz də artırmalıyıq. UEFA Millətlər Liqası üçün hazır olmaq istəyirik".
A.Abbasov bildirib ki, bu gün zəif komanda yoxdur:
"Təlim-məşq toplanışından maksimum istifadə etmək istərdik. Komandaya yeni oyunçular cəlb etmişdik. Yarışın xeyrini görəcəyik".
Baş məşqçi UEFA Millətlər Liqasının matçları üçün optimal heyətin hələlik formalaşmadığını söyləyib:
"Böyük seçimimiz yoxdur. Həmin vaxt kimlərinsə zədəli olması işimizi çətinə sala bilər. UEFA Millətlər Liqasının qalibi olmaq üçün çalışacağıq. Bu turnirdə ki rəqiblərimiz Litva və Lixtenşteyni təhlil edirik. Litva möhkəm kollektivdir. Doğma meydanda yaxşı çıxış edirlər. Məncə, şanslarımız bərabərdir".