Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğuna Rumıniyanın keçmiş Baş Konsulluğunun Qoroxovaya küçəsində yerləşən binasında fəaliyyət göstərmək təklif olunub.
Lent.az-ın xəbərinə görə, bu barədə “İnterfaks”a xarici nümayəndəliklərə xidmət göstərən “İnpredservis” müəssisəsinin baş direktoru Vladimir Zapevalov məlumat verib.
Söhbət Qoroxovaya küçəsi, 4 ünvanında yerləşən binadan gedir. Azərbaycan tərəfi razılıq verərsə, həmin məkan təmir olunaraq Baş Konsulluğun istifadəsinə veriləcək.
Qeyd olunur ki, daha əvvəl Azərbaycan Sankt-Peterburqda Baş Konsulluq üçün yeni bina ayrılması ilə bağlı müraciət edib. Azərbaycan tərəfinə Sapernı döngəsində yerləşən Bolqarıstanın keçmiş Baş
Konsulluğunun binası təklif olunsa da, sahəsi uyğun olmadığı üçün qəbul edilməyib.
Hazırda Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu 2-ci Sovetskaya küçəsində yerləşir.
Rumıniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu iyulun 24-də fəaliyyətini dayandırıb. Bundan bir ay əvvəl Rusiya Rumıniyanın baş konsulunu “persona non qrata” elan edərək nümayəndəliyin fəaliyyətinin dayandırılmasını tələb etmişdi.
siyasi xəbərlər siyasət Rusiya Azərbaycan Baş Konsulluq Sankt-PeterburqMənbə: lent.az