Belqrad və Budapeşt şəhərlərini birləşdirən yüksəksürətli dəmir yolu xəttinin inşası yekunlaşdırılıb.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç "EXPO 2027" üçün aparılan tikinti işləri ilə tanışlıq zamanı deyib.
Serbiya dövlət başçısı xəttin hazırda genişmiqyaslı sınaq mərhələsində olduğunu bəyan edib.
A.Vuçiç qeyd edib ki, son günlərdə "Soko" qatarı sınaq rejimində Macarıstan ərazisinə daxil olub:
"Kelebiya sərhəd-keçid məntəqəsində sərhəd prosedurlarının tamamlanması üzrə işlər hələ də davam edir. Bu məntəqədə dayanma vaxtı təqribən 20-25 dəqiqə olacaq. Bu isə Belqrad şəhər mərkəzindən Budapeşt şəhər mərkəzinə qədər olan ümumi yol müddətinin təxminən üç saat və ya üç saat beş dəqiqə təşkil etməsinə şərait yaradacaq".
Qeyd edək ki, Budapeşt-Belqrad dəmir yolunun ümumi uzunluğu 341,7 kilometrdir. Bunun 183,1 km-i Serbiyada, 158,6 km-i isə Macarıstanın payına düşür.