IMG-LOGO

“Oskar” mükafatı qazanıb, təqdimetmə mərasiminə gəlməyən ULDUZLAR

14 Mar 2026 18:26 3 baxış
IMG
4 0

Cəmi bir neçə gündən sonra, martın 15-də Los-Ancelesdə "Oskar" mükafatının təqdimetmə mərasimi keçiriləcək. Lakin bu mükafatın tarixində elə ulduzlar olub ki, hətta qalib gəldikdən sonra belə səhnəyə çıxmayıblar.

Lent.az “Oskar” mükafatı qazanıb, lakin təqdimetmə mərasiminə gəlməyən məşhurları təqdim edir:

Eminem

2003-cü ildə Eminem "8 mil" filminə yazılmış "Lose Yourself" mahnısına görə "Oskar" laureatı oldu. Lakin reper mərasimə gəlmədi. Sonradan məlum oldu ki, o, qalib gələcəyini gözləmirmiş. Bu səbəbdən mükafat dalınca getmək əvəzinə, evdə qalıb sadəcə yuxusunu almağa üstünlük verib.

Maykl Keyn

Maykl Keyn 1987-ci ildə "Anna və bacıları" filminə görə "Ən yaxşı köməkçi kişi rolu" kateqoriyasında "Oskar" aldı. Amma o, mərasimdə iştirak etmirdi. Həmin vaxt aktyor "Çənələr: Qisas" filminin çəkilişləri ilə məşğul idi. Sonradan bu film uğursuzluğa düçar olsa da, məhz iş qrafiki aktyorun öz zəfər anını qaçırmasına səbəb oldu.

Pol Nyuman

Pol Nyuman bu mükafata doğru uzun illər yol gəlmişdi. 7 nominasiya və təxminən otuz illik gözləntidən sonra o, nəhayət "Pulların rəngi" filmindəki roluna görə "Oskar" qazandı. İşin ironiyası ondadır ki, məhz həmin vaxt o, mərasimə gəlməmişdi. Sonralar aktyor belə vacib məqamı qaçırdığı üçün peşman olduğunu etiraf edirdi.

Vudi Allen

Vudi Allen müxtəlif kino mükafatlarına skeptik yanaşması ilə çoxdan tanınır. Rejissor dəfələrlə qeyd edib ki, incəsənəti "yaxşı" və ya "pis" prinsipi ilə qiymətləndirmək mümkün deyil, buna görə də "Oskar" onun üçün böyük əhəmiyyət kəsb etmirdi. Onlarla nominasiya və qələbəyə rəğmən, o, illərlə mərasimlərə məhəl qoymadı. Yalnız 2002-ci ildə 11 sentyabr terror aktlarından sonra Nyu-Yorka dəstək olmaq üçün istisna etdi.

Marlon Brando

"Oskar" tarixinin ən səs-küylü demarşlarından biri məhz Marlon Brandoya məxsusdur. 1973-cü ildə "Xaç atası" filmindəki roluna görə "Ən yaxşı kişi rolu" nominasiyasında qalib gəlsə də, mərasimə getmədi. Aktyor bununla ABŞ və Hollivudda yerli Amerika xalqlarına (hindulara) qarşı olan münasibətə etirazını bildirdi. Onun əvəzinə səhnəyə hindu icmasının nümayəndəsi çıxdı və bu jest o vaxt zalda çox kəskin reaksiya doğurdu.

Stenli Kubrik

Stenli Kubrik bütün karyerası boyu yalnız bir dəfə — 1969-cu ildə "2001: Kosmik odisseya" filminin vizual effektlərinə görə "Oskar" alıb. Lakin həmin vaxt da rejissor mərasimdə görünmədi. Mükafatı onun əvəzinə başqaları qəbul etdi, yoxluğu isə iş qrafikinin sıxlığı ilə izah olundu.

Elizabet Teylor

1967-ci ildə Elizabet Teylor "Virciniya Vulfdan kim qorxur?" filmindəki baş roluna görə "Oskar" qazandı. O, mərasimə həyat yoldaşı Riçard Bertona görə gəlmədi. Berton özünün əvvəlki məğlubiyyətlərindən sonra tədbirdə iştirak etmək istəmirdi, aktrisa isə mükafat dalınca tək getməkdənsə, onun yanında qalmağa qərar verdi.

Ketrin Hepbern

Ketrin Hepbern indiyədək "ən yaxşı qadın rolu" kateqoriyasında qələbə sayına görə rekordçu olaraq qalır — onun dörd heykəlciyi var. Lakin bu uğurlara baxmayaraq, aktrisa bir dəfə də olsun mərasimdə iştirak etməyib. Çünki o, bu mükafatları həqiqətən vacib bir şey hesab etmirdi.

Corc K. Skott

Corc K. Skott kino mükafatı formatını açıq şəkildə tənqid edirdi. Aktyorluq peşəsində rəqabət ideyasını bəyənməyən aktyor, mərasimi "iki saatlıq ət paradı" adlandırırdı. Buna görə də 1971-ci ildə "Patton" filminə görə qalib gələndə mükafatlandırmaya gəlmədi. Bundan sonra o, hətta xahiş etdi ki, namizədliyini bir daha "Oskar"a irəli sürməsinlər.

Roman Polanski

2003-cü ildə Roman Polanski "Pianist" filminə görə "Ən yaxşı rejissor" kateqoriyasında "Oskar" qazandı. Lakin o, mükafatı şəxsən ala bilmədi, çünki həmin vaxt 13 yaşlı Samanta Heyli ilə bağlı cinsi zorakılıq işinə görə ABŞ-da axtarışda idi. Məhz bu səbəbdən rejissor təqdimetmə mərasiminə qatıla bilmədi.

Roman Polanski Oskar rejissor Oskar qalibləri

Xəbər lenti