Hazırda dünya iqlim böhranı dövründə yaşayır, bu da hamı üçün ciddi çağırışdır.
"Report" xəbər verir ki, bunu Türkiyənin ev sahibliyi edəcəyi COP31-də BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Samed Ağırbaş Qoşulmama Hərəkatı Gənclər Təşkilatının ofisində keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, Türkiyə COP31 tədbiri ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır:
"İqlim prosesi gələcək nəsil üçün önəmlidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) bizim işimiz iqlim məsələsi ilə bağlı aidiyyəti tərəfləri bir araya gətirməkdir. İqlim böhranı hamımız üçün ciddi çağırışdır. Biz 100-dən çox ölkənin bu konfransda iştirakını gözləyirik. Düşünürük ki, dünyanın müxtəlif yerlərindən 100 mindən çox insanı bir araya gətirə biləcəyik. Əgər Türkiyə və Azərbaycan kimi ölkələr, eləcə də İslam dünyasının nümayəndələri, müxtəlif ölkələrdən olan təşkilat üzvləri ilə birlikdə real təşəbbüslər irəli sürə bilsək, dünyamızda müəyyən dəyişikliklər edə bilərik. Türkiyə COP31 tədbiri ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır".
S.Ağırbaş həmçinin bildirib ki, Türkiyə COP31-də özəl və dövlət sektorları ilə birgə işləyərək bu mürəkkəb vəziyyətin həllinə töhfə verməyə çalışacaq:
"Biz xüsusilə uşaqlar və gənclərimiz üçün daha yaxşı dünya və gələcək yaratmaq məqsədilə birlikdə işləməyə çalışırıq".