IMG-LOGO

Anaklaudiya Rossbax: WUF13 şəhər inkişafı üçün son dərəcə əhəmiyyətli bir dövrdə keçiriləcək

14 Mar 2026 10:04 4 baxış
IMG

Ümumdünya Şəhərsalma Forumu (WUF13) son dərəcə vacib bir dövrdə keçiriləcək və orada şəhər inkişafı sahəsində gələcək addımlar razılaşdırılacaq.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax martın 14-də XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.

O vurğulayıb ki, mənzil və şəhər inkişafı məsələlərinə görə cavabdeh olan nazirlər əldə olunmuş irəliləyişi müzakirə etmək və gələcək addımları müəyyənləşdirmək üçün Bakıda WUF13-də bir araya gələcəklər.

"Ümumdünya Şəhərsalma Forumu üzv dövlətlərin BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Yeni Şəhərsalma Gündəliyinin icrasını nəzərdən keçirəcəyi iyul ayından cəmi bir neçə ay əvvəl baş tutacaq.

Bakıda əldə edilmiş irəliləyişi müzakirə etmək və gələcək addımları müəyyənləşdirmək üçün mənzil və şəhər inkişafı məsələlərinə görə cavabdeh olan nazirləri bir araya gətirəcəyik.

Bu il Nyu-Yorkda dayanıqlı şəhərlər və yaşayış məskənlərinə həsr olunmuş Dayanıqlı İnkişaf Məqsədi 11-in icmalı da keçiriləcək. Biz mənzil əlçatanlığı və qeyri-formal məskunlaşma probleminə aid olan Dayanıqlı İnkişaf Məqsədlərinin 11.1 göstəricisindən ciddi şəkildə narahatıq. Bu məsələ də burada, Bakıda müzakirə olunacaq. Biz hələ də DİM 11-in məqsədlərinə çatmaqdan çox uzağıq", - o bildirib.

Rossbax qeyd edib ki, hazırda dünya ciddi mənzil böhranı yaşayır.

"Bu gün xeyli sayda insan son dərəcə həssas və qeyri-sabit şəraitdə yaşayır. Bizim hesablamalarımıza görə, təxminən 300 milyon insan evsizdir, 1 milyarddan çox insan təmiz suya, baza infrastrukturuna və əsas xidmətlərə – səhiyyə, təhsil, şəhər imkanları və iş yerlərinə çıxışı olmadan qeyri-rəsmi yaşayış məskənlərində və ya gecəqondularda yaşayır. Bizim qiymətləndirmələrimizə görə, planet əhalisinin demək olar ki, yarısı – təqribən 3 milyard insan bu gün qeyri-uyğun mənzil şəraitində yaşayır", - o əlavə edib.

Xəbər lenti