IMG-LOGO

Ruzanna Məmmədova: "Avropa çempionatında kürsüdən düşməmək məqsədim var idi"

14 Mar 2026 09:23 8 baxış
IMG

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan Avropa çempionatında gümüş medal qazanan güləşçi Ruzanna Məmmədova (62 kq) əməliyyat olunmasına baxmayaraq kürsüdən düşməmək niyyətində olub.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı bunu final görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

O, yalnız bir təlim-məşq toplanışında iştirak etdiyini bildirib:

"Yarış çox çətin keçdi. İki ay idi hazırlaşırdım. Dizindən əməliyyat olunmuşdum. Zədədən sonra ilk turnirim idi. Yalnız bir təlim-məşq toplanışında iştirak etmişdim. Yüngül məşqlər edib yarışa qoşulmuşdum. Əməliyyat olunmağıma baxmayaraq məqsədim burada medal qazanmaq, kürsüdən düşməmək idi. Düzdür, çempionluq arzum gerçəkləşmədi. Bu turnirdə məni bir qədər geri salan amil diz əməliyyatı oldu. Ümidvaram növbəti yarışlarda daha yaxşı çıxış edəcəyəm".

Güləşçi növbəti hədəflərindən də danışıb:

"Böyüklər arasında Avropa çempionatında iştirak etməyi hədəfləyirəm. Yəqin ki Albaniyada keçiriləcək turnirə qədər daha yaxşı hazırlaşıb, təlim-məşq toplanışında iştirak edəcəyəm. Təbii ki böyüklər arasındakı yarış daha çətin olacaq".

Qeyd edək ki, R.Məmmədova finalda rusiyalı Amina Tandelovaya məğlub olaraq gümüş medal qazanıb.

Xəbər lenti