İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) müharibə başlayandan bəri İsrailə edilən ən irimiqyaslı hücum barədə açıqlama yayıb.
Bu barədə "Report" "Al Hadath"a istinadən xəbər verir.
SEPAH Livanın "Hizbullah" hərəkatı ilə koordinasiyalı şəkildə İsrailə çoxsaylı raket və pilotsuz uçuş aparatlarının buraxıldığını bəyan edib.
"Bu, müharibənin başlamasından bəri İsrailə edilən ən güclü hücumdur", - SEPAH-dan qeyd edilib.
Həmçinin bəyanatda əlavə edilib ki, bu gün ABŞ-nin Beşinci Donanmasının gəmilərinə və "Linkoln" aviadaşıyıcı gəmisinə hücum olunub.
İsrail Müdafiə Ordusu isə İran tərəfindən yeni raket atəşinin qeydə alındığını və hava hücumundan müdafiə sistemlərinin raketləri zərərsizləşdirməyə davam etdiyini bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib.