Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatının qalibi olan ukraynalı Aida Kərimova özünü daha çox azərbaycanlı kimi qəbul edir.
Bu barədə idmançı "Report"a açıqlamasında bildirib.
O, güləşə gəlişi və ailəsinin bu idman növünə münasibəti barədə məlumat verib:
"Mən Ukraynada doğulmuşam. Güləşlə 8 yaşımdan məşğul oluram. Məktəbimizə məşqçi gəlib bu idman növünü təklif etdi, mən də sınamaq istədim. Atam güləşlə məşğul olmağıma qarşı idi, lakin mən israr etdim və məşqlərimi davam etdirdim. Hazırda karyeramın zirvəsindəyəm. Pərviz Nəsibovla tanışlığımız var, o, öz nəticələri və məşqləri ilə mənə motivasiya verir, biz ondan örnək alırıq".
"Atam azərbaycanlıdır. Mən də özümü daha çox azərbaycanlı hesab edirəm, nəinki ukraynalı. Sevinirəm ki, azərbaycanlılar da məni dəstəkləyir Avropa çempionu olduğuma görə onlardan xoş sözlər eşitdiyim üçün çox şadam", - o vurğulayıb.
A.Kərimova Azərbaycan yığmasından gələn təkliflərə və gələcək planlarına toxunub:
"Azərbaycan millisindən bir neçə dəfə keçid təklifi almışam, lakin hələlik öz yığmamda – Ukrayna komandasında qalıram. Yaxın bir il ərzində keçid etmək planım yoxdur. Avropa çempionatında qızıl medal qazandığım üçün çox xoşbəxtəm. Ukrayna yığmasında mənimlə yanaşı yunan-Roma güləşi üzrə Pərviz Nəsibov və hazırda burada yarışan Ruslan Abdiyev də var".
İdmançı Azərbaycanın qadın güləşçiləri ilə olan dostluq münasibətlərindən də söz açıb:
"Azərbaycan millisi ilə, xüsusən də Günay Qurbanova ilə çox yaxşı münasibətim var. Bizim çox səmimi əlaqələrimiz mövcuddur, yarışlarda hər zaman bir-birimizi dəstəkləyirik və daim təmasda olmağa çalışırıq".