Kənd Təsərrüfatı Nazirliyi super-kompüter mərkəzinin aktiv istifadəçilərindən birinə çevrilib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Səməddin Əsədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə bildirib.
O qeyd edib ki, Azərbaycan qlobal tendensiyalara uyğun olaraq süni intellektin inkişafını, bu sahədə insan kapitalının gücləndirilməsini strateji hədəf seçib, ölkədə "2025–2028-ci illər üçün süni intellekt Strategiyası" qəbul olunub: "Bu sənədin dörd əsas prioriteti süni intellektin idarə edilməsi və tənzimlənməsi, məlumat bazaları və infrastrukturun təkmilləşdirilməsi, istedad bazarının və insan kapitalının inkişafı, dövlət idarəçiliyində əlverişli mühitin yaradılmasıdır".
Nazir müavininin sözlərinə görə, süni intellektin tənzimlənməsində həm Avropa, həm də ABŞ modellərinin sintezinə əsaslanan balanslı yanaşma tətbiq olunacaq. Sahə üzrə 8 standart hazırlanıb ki, onlardan 4-ü artıq qəbul edilib. Bu standartlar etik prinsiplərə riayət edilməsi, şəffaflığın qorunması və müasir alqoritmlərdən təhlükəsiz istifadəni ehtiva edir.
S.Əsədov qeyd edib ki, ölkədə artıq "Nvidia" çipsetlərinə əsaslanan müasir texnoloji infrastruktur fəaliyyət göstərir: "Ötən ilin noyabr ayında istifadəyə verilmiş və 32 qrafik çipsetdən ibarət olan super-kompüter mərkəzi həm dövlət, həm də özəl sektor üçün xidmətlər təklif edir. Artıq Kənd Təsərrüfatı Nazirliyi bu mərkəzin aktiv istifadəçilərindən birinə çevrilib".
Onun sözlərinə görə, Azərbaycanın süni intellekt sahəsində regional mərkəzə çevrilməsi üçün dünya nəhəngləri ilə əməkdaşlıq edilir: "Hazırda Amazon "Web Services", "Google Cloud" və "Microsoft Azure" kimi qlobal 'hyperscaler' şirkətləri, eləcə də yeni nəsil bulud texnologiyaları təqdim edən 'Neo Cloud' şirkətləri ilə aktiv danışıqlar mərhələsindəyik. İqtisadiyyat Nazirliyi ilə birgə görülən işlər nəticəsində yaxın gələcəkdə ölkədəki super-kompüterlərin həcmi dəfələrlə artırılacaq və regional səviyyədə ən böyük süni intellekt infrastrukturu formalaşdırılacaq".