IMG-LOGO

Aİ XİN başçıları Qırmızı dənizdə “Aspides” dəniz missiyasını təsdiqləyib

19.02.2024 19:47 46 baxış
IMG

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Qırmızı dənizdə Aİ-nin “Aspides” (“Qalxanlar”) adlı yeni dəniz missiyasını başlatmaq barədə razılığa gəliblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə Aİ Şurasının iclasında qəbul olunmuş bəyanatında deyilir.

“Bu gün Şura “Aspides” missiyasını işə saldı. Dənizdə təhlükəsizliyin təmin edilməsi üzrə bu müdafiə əməliyyatının məqsədi Qırmızı dənizdə və Fars körfəzində gəmiçilik fəaliyyətinin bərpa edilməsi və qorunmasıdır.

“Aspides” əməliyyatı husilərin 2023-cü ilin oktyabr ayından bəri beynəlxalq kommersiya gəmilərinə qarşı olan çoxsaylı hücumlarının baş verdiyi bölgədə Aİ-nin dəniz varlığını təmin edəcək”, - Aİ Şurasının kommünikesində deyilir.

Sənəddə vurğulanır ki, “Aspides” həmfikir beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək, xüsusilə ticarət və kommersiya gəmiləri üçün dəniz təhlükəsizliyinin və naviqasiya azadlığının qorunmasına töhfə verəcək.

“Müdafiə mandatının bir hissəsi olaraq, əməliyyat dəniz vəziyyətinə dair məlumatlılığı təmin edəcək, gəmiləri müşayiət edəcək və onları dənizdə mümkün çoxtərəfli hücumlardan qoruyacaq”, - sənəddə bildirilir.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti