IMG-LOGO

Qiymətləndiricilər Palatası: Regional risklər Azərbaycanın əmlak bazarında böhran üçün zəmin yaratmır

10 Mar 2026 17:52 7 baxış
IMG

ABŞ-İsrail və İran oxunda müşahidə olunan hərbi-siyasi gərginlik qlobal iqtisadi sistemə və region ölkələrinin maliyyə mühitinə təsir göstərsə də, Azərbaycanın daşınmaz əmlak sektoru struktur baxımından dayanıqlılıq və adaptivlik nümayiş etdirir.

Bunu "Report"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü, əmlak eksperti Hüseyn Talıbov bildirib.

O qeyd edib ki, regional risklərin artdığı bir şəraitdə Azərbaycanın iqtisadi stabilliyini təmin edən əsas amillərdən biri makroiqtisadi balans və institusional idarəetmə sistemidir: "Hazırkı mürəkkəb geosiyasi şəraitdə maliyyə-iqtisadi sabitliyin qorunmasında dövlətin strateji idarəetmə qabiliyyəti mühüm rol oynayır. Həm milli təhlükəsizlik, həm də makroiqtisadi parametrlər yüksək səviyyədə nəzarətdə saxlanılır. Bu isə daşınmaz əmlak bazarında fundamental risklərin formalaşmasının qarşısını alır və koordinasiyalı, preventiv iqtisadi siyasət investorların davranışlarında panik reaksiyaların yaranmasına imkan vermir".

H.Talıbov deyib ki, hazırda Bakının daşınmaz əmlak bazarında qiymətlər rayonlar üzrə fərqli templərlə artır: "Məsələn, Yasamal rayonunda qiymətlər illik müqayisədə 19,4 % artaraq bir kvadratmetr üçün 2 950-3 250 manat diapazonuna çatıb. Bu rəqəm Nərimanov rayonunda 17,2 %-lik artımla 3 100-3 850 manat arasında dəyişir. Mərkəzi rayonlardan Səbaildə qiymət artımı 12,8 % (3 950-4 600 manat), Nəsimi rayonunda isə 14,5 % (3 500-3 700 manat) təşkil edib. Şəhərin digər aktiv zonalarından Xətai rayonunda qiymətlər 15,6 % artaraq 2 600-3 100, Nizami rayonunda isə 11,3 % artaraq 2 450-2 750 manat səviyyəsinə yüksəlib. Digər rayonlarda isə artım nisbətən mülayim olub. Binəqədidə 9,8 %, Sabunçuda 7,4 %, Suraxanıda 6,2 % və Xəzər rayonunda 5,5 % artım qeydə alınıb. Bu artımda əsas rol şəhərin infrastruktur inkişafı və urbanizasiya layihələrinin üzərinə düşür".

Ekspert vurğulayıb ki, paytaxtın mənzil fondunda kirayə mənzillərin payı təxminən 15-18 % təşkil edir və regional miqrasiya axınları, həmçinin daxili urbanizasiya bazarın yüksək likvidliyini qoruyur: "Mərkəz və mərkəzə yaxın ərazilərdə kirayə mənzillərin illik gəlirliliyi 8,5-9 % səviyyəsindədir və bu da daşınmaz əmlakı investorlar üçün etibarlı aktiv sinfi kimi təqdim edir. Yasamal və Xətai rayonları yeni tikili komplekslərin sıxlığı və infrastruktura çıxış imkanları baxımından 35-40 % payla bazarda liderlik edir. Nərimanov və Nəsimi isə 20-25 % payla işgüzar mərkəz və premium seqment statusunu saxlayır. Binəqədi və Sabunçu rayonları 15-18 % səviyyəsində büdcəyə uyğun alternativlər təklif edir və kirayə mənzillərdə payını qoruyur. Səbail və Nizami isə 5-7 % payla spesifik müştəri seqmentləri üçün cəlbediciliyini saxlayır. Qaradağ, Xəzər, Pirallahı və Suraxanı rayonlarında isə ciddi artım müşahidə edilməyib".

Onun sözlərinə görə, paytaxtın daşınmaz əmlak bazarının dayanıqlılığı əsasən daxili iqtisadi potensiala və dövlətin çevik iqtisadi siyasətinə söykənir: "Xarici geosiyasi risklər isə bazarda sistemli böhran və ya struktur destabilizasiyası üçün real zəmin yaratmır. Orta və uzunmüddətli perspektivdə irimiqyaslı urbanizasiya layihələri, infrastrukturun genişləndirilməsi və ipoteka mexanizmlərinin inkişafı sektorun davamlı inkişafını təmin edən əsas drayverlər olaraq qalacaq".

Xəbər lenti