Avropa Parlamenti Avropaya inteqrasiyaya verilən töhfəyə və Avropa dəyərlərinin təşviqinə görə təsis edilmiş yeni mükafatın - Avropa Xidmət Ordeninin ilk laureatlarını elan edib.
"Report"un Avropa bürosunun verdiyi xəbərə görə, təltif olunanların adları Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında açıqlanıb.
Ali dərəcəli ordenlə Almaniyanın sabiq federal kansleri Angela Merkel, "Həmrəylik" hərəkatının keçmiş lideri və Polşanın eks-prezidenti Lex Valensa, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski təltif ediliblər.
Litvanın sabiq prezidenti Valdas Adamkus, Polşanın eks-baş naziri və Avropa Parlamentinin sabiq sədri Yeji Buzek, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pyetro Parolin, Moldova Prezidenti Maya Sandu, Avropa diplomatiyasının sabiq rəhbəri Xavyer Solana, eləcə də Avropa Mərkəzi Bankının sabiq sədri Jan-Klod Trişe və bir sıra digər avropalı siyasi xadimləri fəxri orden sahibləri olublar.
Üçüncü dərəcəli ordenlə İrlandiyanın "U2" qrupunun bütün musiqiçiləri təltif edilib. Laureatlar arasında müxtəlif peşə nümayəndələri - həkimlər, hüquqşünaslar, baş aşpaz və Avropa Komissiyasının sabiq vitse-prezidenti də var.
Mükafatlandırma mərasimi may ayında Strasburqda keçiriləcək.