Azərbaycanın İqtisadiyyat Nazirliyi və "haimaker.AI Inc." şirkəti Azərbaycanda yeni nəsil rəqəmsal platforma və ekosistemin hazırlanması üzrə potensial tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq.
"Report" ABŞ-Azərbaycan Ticarət Palatasına (USACC) istinadən xəbər verir ki, imzalanma mərasiminin Vaşinqtonda USACC-nin 30 illiyi münasibətilə keçiriləcək tədbir çərçivəsində baş tutması gözlənilir.
Memorandumu ABŞ-də səfərdə olan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və "haimaker.AI Inc." şirkətinin baş direktoru və həmtəsisçisi Su Le imzalayacaqlar.
Azərbaycan nümayəndə heyətinin ABŞ-nin biznes ictimaiyyətinin nümayəndələri ilə bir sıra görüşləri də gözlənilir.
Xatırladaq ki, Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, mövcud bizneslərin rəqəmsallaşmasının sürətləndirilməsi və yeni rəqəmsal biznes modelləri vasitəsilə əlavə dəyərin yaradılması 2026–2029-cu illəri əhatə edən Rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiyada nəzərdə tutulur. Əsasən generativ süni intellekt əsaslı həllər vasitəsilə 70 milyon manat dəyərin yaradılması planlaşdırılır.