Naməlum şəxslər Somali bölgəsində Taylandın Puket adasından İsrailin Ben-Qurion hava limanına uçan İsrailin “El Al” aviaşirkətinə məxsus təyyarənin rabitə sisteminə nəzarəti ələ keçirməyə cəhd ediblər.
“Report” xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Ehtimal edilir ki, husilərin nəzarətində olan bölgədə təyyarəni təyinat yerindən başqa istiqamətə yönləndirmək istənilib. Təyyarənin göyərtəsində 250 sərnişin və ekipaj üzvü olub. Rabitə sistemi vasitəsilə heyətə verilən göstərişlər marşrutdan fərqlənib.
Nəyinsə səhv olduğunu anlayan pilotlar onlara tabe olmayaraq alternativ rabitə vasitələrinə keçib, ərazidəki digər hava hərəkəti dispetçerləri ilə məlumatları yoxlayıb və onların aldadıldığını anlayıblar.
“Walla!” portalının məlumatına görə, son bir həftə ərzində Taylanda uçan İsrail aviaşirkətləri ilə bağlı ən azı iki oxşar insident baş verib.
İsrailin milli aviadaşıyıcısının nümayəndələri qeyd ediblər ki, Somalinin aviasiya hakimiyyət orqanları mümkün kommunikasiyaların pozulması barədə xəbərdarlıq edib, ona görə də pilotlar uçuşların təhlükəsizliyini təmin etmək üçün alternativ rabitə vasitələrindən istifadə etməyə məcbur olublar.
Bizim Telegram kanalımıza abunə olun