Müxtəlif ölkələr və beynəlxalq təsisatlar Azərbaycan ərazisinin İranın dron hücumuna məruz qalmasnı pisləyən bəyanatlar yayıb və rəsmi Bakıya dəstək nümayiş etdirib.
"Report" xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edərək Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınayıb.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti də İranın pilotsuz uçuş aparatları (PUA) ilə Azərbaycan ərazisinə hücumunu pisləyib.
Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. O, İran İslam Respublikasının PUA-lar ilə Azərbaycan ərazisinə törətdiyi hücumu qətiyyətlə pisləyib.
Özbəkistan Prezidenti Şavkat Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Şavkat Mirziyoyev İranın PUA-lar vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək İranın dronlarla Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qətiyyətlə pisləyib və Azərbaycan dövləti və xalqı ilə həmrəy olduqlarını vurğulayıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İranın Naxçıvana hücumunu pisləyib.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezidenti İlham Əliyevə zəng edərək İranın Azərbaycana qarşı hərbi hücumunu və terror aktlarını qınadığını bildirib.
Albaniyanın Baş naziri Edi Rama sosial şəbəkə hesabında İranı sərt tənqid edib. O, dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırıb:
"Azərbaycan ərazisinə hücum, Naxçıvanda mülki infrastrukturun hədəfə alınması və dinc sakinlərin yaralanması İranın qonşu ölkələrə qarşı növbəti ciddi və yolverilməz təcavüz aktıdır. Bu ölkələrin yeganə "cinayəti" ondan ibarətdir ki, onlar dünyaya öz inkişafını nümayiş etdirərək, vətəndaşlarının həyatını yaxşılaşdırır, şeytan rejimi altında olan İranı daha da qaranlıq və kor edir", - o yazıb.
Prezident İlham Əliyev Albaniya Baş naziri Edi Ramaya İranın Naxçıvana etdiyi dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib.
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidentinə zəng vuraraq İranın PUA hücumlarını qınayıb və ölkəsinin Azərbaycana hər bir dəstək göstərməyə hazır olduğunu bildirib.
Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoin Azərbaycan Prezidentinin qəbulunda olarkən ölkəsinin İranın PUA hücumlarını qınadığını deyib.
Slovakiya Prezidenti Peter Pelleqrini İranın PUA hücumu ilə bağlı Azərbaycan Prezidentinə məktub ünvanlayıb: "Biz bu hücumu qətiyyətlə pisləyirik. Bu cür davranış qəbuledilməzdir, beynəlxalq hüququn pozulmasıdır və vəziyyətin daha da gərginləşməsi riskini təhlükəli şəkildə artırır".
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycan Prezidentinə ünvanlandığı məktubda Azərbaycanın regionda sabitlik, inkişaf və əməkdaşlığın təşviqi istiqamətində ardıcıl siyasət yürütdüyünü qabardaraq İranın hücumunu ədalətsiz sayıb.
Bundan başqa, Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək İranın Naxçıvana hava hücumunu qınayıb.
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və İranın hava hücumlarını pislədiyini vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı olub. Söhbət zamanı İran tərəfindən Naxçıvana qarşı törədilən dron hücumları pislənilib.
Bununla yanaşı, ABŞ Dövlət Departamenti İranın Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını pisləyən bəyanat yayıb.
Bəyanatda vurğulanıb ki, Amerika Birləşmiş Ştatları 5 mart tarixində İranın Azərbaycan Respublikasına qarşı, Naxçıvan Beynəlxalq Hava Limanını və uşaq məktəbini hədəf alan, günahsız mülki şəxslərin xəsarət almasına və vacib mülki infrastruktura ziyan vurmasına gətirib çıxaran səbəbsiz pilotsuz uçuş aparatları ilə hücumunu qətiyyətlə pisləyir:
"Bu hücumlar Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması və İranın təcavüzünün lazımsız şəkildə artırılmasıdır.
Amerika Birləşmiş Ştatları bu təhdidlərə qarşı Azərbaycanla tam həmrəydir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə edilən hücumlar qəbuledilməzdir və ABŞ-nin həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə qarşılanacaq".
Xəbər verdiyimiz kimi, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas da İranın Naxçıvana dron hücumlarını qınayıb.
Azərbaycan XİN Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı BMT baş katibi Antonio Quterreşə də məktub ünvanlayıb. Bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında İranın Azərbaycana dron hücumları ilə bağlı danışarkən deyib. Onu da bildirək ki, Xorvatiya kimi bəzi Avropa ölkələri Azərbaycana dəstəyi sosial media səhifələrində edib. Azərbaycanın Xarici İşlər Nazirliyinə də (XİN) müxtəlif ölkələrin XİN rəhbərləri zəng vuraraq dəstək bildiriblər.
Sudan da İranın PUA hücumlarını qınayıb. Belə ki, Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Muhi Əl-Din Salem Ahmed bununla bağlı azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.
Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev azərbaycanlı həmkarına zəng vurub və İranın dron hücumlarının regionda gərginliyin daha da artmasına xidmət etdiyini bildirib.
İsrail XİN başçısı Gideon Saar C. Bayramovla telefon danışığı zamanı İranın Azərbaycana hücumunu qəbuledilməz adlandırıb.
Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger Azərbaycanın XİN başçısı C. Bayramova zəng vurub və söhbət zamanı Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusu olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.
Ukrayna da İranın dron hücumlarını qınayıb, Estoniya Azərbaycanla həmrəylik ifadə edib, Səudiyyə Ərəbistanı XİN İranın PUA ilə Azərbaycana zərbə endirməsini, həmçinin Türkiyəyə hava hücumu cəhdini pisləyib. Bununla yanaşı, Küveyt, Suriya, Monteneqro, Böyük Britaniya, Almaniya, Niderland, Belçika, Finlandiya, Yunanıstan, İspaniya, Fransa, Bolqarıstan, İtaliya, Misir, Bəhreyn, Yəmən, Qətər, İordaniya və Belarus da İranın dron hücumlarını qınayıb.
Həmçinin Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan və C. Bayramov İranın Naxçıvana hücumunu müzakirə ediblər.
Türkmənistanın Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov C. Bayramova zəng vurub və telefon danışığı zamanı, Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası tərəfindən dron hücumlarından irəli gələn məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycana beynəlxalq dəstək davam edir və İranın əsassız hücumu hələ də qınaq obyektinə çevrilir. Bütün bunlar isə Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünyadakı nüfuzunun artdığının sübutudur.
Azərbaycanı dəstəkləyən ölkələrin adlarını təqdim edirik:
Türkiyə, ABŞ, BƏƏ, Pakistan, Misir, Səudiyyə Ərəbistanı, Albaniya, Ukrayna, Estoniya, Küveyt, Suriya, Monteneqro, Böyük Britaniya, Almaniya, Niderland, Belçika, Finlandiya, Yunanıstan, İspaniya, Fransa, Bolqarıstan, İtaliya, Misir, Bəhreyn, Yəmən, Qətər, İordaniya, Belarus, Ermənistan, Türkmənistan, İsrail, Qırğızıstan, Avstriya, Sudan, Serbiya, Gürcüstan, Qazaxıstan, Macarıstan, Moldova, Slovakiya, Bosniya və Herseqovina, Efiopiya, Liviya, Serbiya, Çexiya.

