Ukraynanın Xerson vilayətinin Oleşki və digər rayonlarında müvəqqəti atəşkəsin əldə olunması 2022-ci ildən bəri Kiyev ilə Moskva arasında gərginliyin azaldılmasına doğru ən böyük addım olub.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın "Xalqın qulluqçusu" parlament fraksiyasının rəhbəri David Araxamiya Vaşinqtonda ABŞ-nin birinci xanımı Melaniya Trampla görüşdə bildirib.
O, öz adından və Prezident Volodimir Zelenskinin adından missiyanın uğurla həyata keçirilməsinə, gərginliyin azaldılmasına və ukraynalı ailələrə göstərilən yardıma görə Amerikanın birinci xanımına və humanitar təşəbbüsün təşkilatçılarına, xüsusən də Mark Bekmana təşəkkür edib.
Araxamiyanın sözlərinə görə, əvvəlcə çoxları bu humanitar təşəbbüsün uğurla həyata keçirilməsi ehtimalına şübhə ilə yanaşırdı, lakin indi 95 % belə addımların mümkün olduğuna inanır.
Deputat bu missiyanı 2022-ci ildən bəri ən əhəmiyyətli deeskalasiya adlandırıb. Onun sözlərinə görə, beş gün ərzində Xerson sakinləri öz evlərində qalmaq, küçələrə çıxmaq və qalan əşyalarını götürmək imkanı əldə ediblər. O həmçinin təşəbbüsdə iştirak edən və yüzlərlə ailəyə maliyyə yardımı göstərən amerikalılara təşəkkürünü bildirib.
Sonda o, bu cür humanitar missiyaları davam etdirməyə çağırıb.
"Bəzən çətinliklərin yarandığı siyasi və heç vaxt dayanmamalı olan humanitar trek var. Biz, şübhəsiz ki, sizdən bu işi davam etdirməyinizi, yeni missiyalar təşkil etməyinizi və gələcək deeskalasiyaya nail olmağınızı xahiş etmək istərdik.
Hesab edirəm ki, səylərimiz sayəsində zəruri impuls yaranır: hər iki tərəf sülh bərqərar olanda onu qoruyub saxlamağa imkan verəcək kiçik, lakin vacib mexanizmləri öyrənir", - Araxamiya vurğulayıb.
Mənbə: report.az