Azərbaycanla Böyük Britaniya arasında parlamentlərarası əlaqələr və ikitərəfli münasibətlər çox dinamik inkişaf edir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Azərbaycanda yaşayan Böyük Britaniya ali məktəblərinin məzunları Assosiasiyasının 20 illiyinə həsr olunmuş qala gecəsində deyib.
"Parlamentlərarası münasibətlərimiz çox dinamik formalaşır. Biz Britaniya parlamentində dostluq qrupunu yenidən formalaşdırmışıq, onun fəaliyyəti bərpa olunub və təmaslarımız kifayət qədər intensivdir. Biz deputatlarla əlaqələr qururuq, mən onları Azərbaycana səfərə dəvət etmişəm. Biz Azərbaycanda yeni konfranslar və forumların keçirilməsini planlaşdırırıq. Ümid edirəm ki, siz hamınız bu işdə bizi dəstəkləyəcəksiniz və birlikdə əməkdaşlığımızı gücləndirəcəyik", - F.İsmayılzadə bildirib.
Deputat vurğulayıb ki, ölkələr arasında ikitərəfli münasibətlər çox sürətli templərlə inkişaf edir. "Biz artıq strateji tərəfdaşlıq istiqamətində irəliləyirik və bütün sahələrdə yeni imkanlar yaranır, yeni sənədlər imzalanır", - parlamentari qeyd edib.