Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Corciya Meloni arasında telefon danışığı olub.
"Report" TRT Haber-ə istinadən xəbər verir ki, iki ölkə lideri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Ərdoğan bildirib ki, Türkiyə İranda baş verən hadisələri və onların regiona təsirlərini yaxından izləyir, sabitliyi poza biləcək addımlardan çəkinilməsi ilə bağlı tərəflərə lazımi tövsiyələr verib.
Prezident əlavə edib ki, Türkiyə diplomatiya platformasının gücləndirilməsini müdafiə edir. Onun sözlərinə görə, davam edən münaqişəli proses qlobal təhlükəsizlik üçün də risklər yaradır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikada strateji obyektlərə hava zərbələri endirib. Həmin gün İranın ali dini rəhbəri Əli Xamənei öldürülüb. İran da cavab olaraq İsrail ərazisinə, eləcə də ABŞ hərbi bazalarının yerləşdiyi bir sıra region ölkələrinə raketlər atıb.
Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.