İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Naxçıvana İranın pilotsuz uçuş aparatları ilə zərbələri kəskin şəkildə pisləyib.
"Report" xəbər verir ki, bu barədə nazir müavini KİV-ə açıqlamasında bildirib.
"Bu son dərəcə ciddi hadisə ilə əlaqədar Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyimi ifadə edirəm. Mülki infrastruktura zərbələr qəbuledilməz, məsuliyyətsiz və cinayət əməlidir. Bu, İranın son günlər Yaxın Şərqdə həyata keçirdiyi silsilə terror hücumlarının davamıdır. İnfrastruktura və mülki əhaliyə qəsdən endirilən raket və dron zərbələri beynəlxalq hüququn bütün normalarına tam etinasızlıqla həyata keçirilir", - o deyib.
"İtaliya Qardaşları" partiyasının və parlamentin xarici işlər komitəsinin üzvü Naike Qruppioni, öz növbəsində bildirib ki, mülki obyektlərə qarşı terror hücumları yolverilməzdir, qəti və birmənalı şəkildə pislənməlidir.
"İtaliya gərginliyin daha da artımının qarşısını almağa kömək etmək və Cənubi Qafqazda sabitliyi, təhlükəsizliyi və dialoqu möhkəmləndirən bütün addımları dəstəkləmək üçün beynəlxalq tərəfdaşlarla birgə çalışır. Ciorcia Meloninin rəhbərlik etdiyi hökumət regionda sabitliyin strateji əhəmiyyətini dərk edərək bu prosesdə fəal iştirak edir. Belə həssas məqamlarda hər kəsdən məsuliyyətli olmaq tələb olunur: beynəlxalq böhranlar mübahisələr və ya siyasi oyunlar üçün səbəb ola bilməz. Vətəndaşların təhlükəsizliyi və beynəlxalq sabitlik ciddiyyət, birlik və institutlara hörmət tələb edir", - o bildirib.