Moldova "Yaşıl enerji dəhlizi" layihəsinə ("Black Sea Energy" - red.) maraq göstərir.
"Report"un məlumatına görə, bunu Moldovanın baş nazirin müavini - xarici işlər naziri Mixay Popşoi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, enerji sahəsi xüsusilə iki ölkə arasında əlaqələrin inkişafı üçün bir sahəyə çevrilə bilər: "Enerji təhlükəsizliyinin təmin edilməsi və qaz tədarükünün artırılması Moldova üçün prioritet sahələr olaraq qalır. Biz 2022-ci ildə iqtisadi böhran zamanı bizə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edirik".
XİN başçısı həmçinin bildirib ki, Moldova Azərbaycanla yalnız qaz tədarükü deyil, həm də "yaşıl enerji" sahəsində əməkdaşlıq etmək niyyətindədir:
"Moldova "Energocom" şirkəti ilə birlikdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar aparır və "Yaşıl enerji dəhlizi" (Black Sea Energy - red.) layihəsində iştirak etmək niyyətindədir. Azərbaycan şirkətləri də Moldovaya investisiya yatırmağa dəvət olunur. Ölkəmiz həmişə Azərbaycan qazının alınmasına və digər uzunmüddətli investisiyalara açıqdır".