Qubada martın 13-16-da "Urban Hackathon 2026" Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu (proqramçılar, dizaynerlər və digər mütəxəssislərin müəyyən bir problemi həll etmək və ya yeni texnoloji ideya yaratmaq üçün müəyyən müddətdə (adətən 24–72 saat) birlikdə işlədiyi tədbir) keçiriləcək.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Tədbir Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə baş tutacaq.
Bildirilib ki, WUF13-ə gedən yolda Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunan hakaton şəhər mobilliyi sahəsində mövcud problemlərə gənclərin innovativ və tətbiq edilə bilən həllər hazırlamasına yönəlib.
Tədbir iştirakçılara komanda işi mühitində real urban çağırışlar üzərində işləmək imkanı yaradacaq. Hakatonda ümumilikdə 150 iştirakçı fəaliyyət göstərəcək. Komandalar multidisiplinar prinsip əsasında formalaşdırılmalı və hər komanda maksimum 5 nəfər iştirakçıdan ibarət olmalıdır.
Müraciət yalnız komanda formatında qəbul olunur. Komandalar hazır layihələri ilə də müraciət edə bilərlər.