IMG-LOGO

Bruqada: Mexiko 2030-cu ilə qədər yeni şəhər gündəliyinin formalaşdırılmasına hazırlaşır - EKSKLÜZİV

18 May 2026 18:28 4 baxış
IMG

Mexiko 2030-cu ilə qədər yeni şəhər gündəliyinin formalaşdırılmasına hazırlaşır.

Bu barədə "Report"a Bakıda WUF13 çərçivəsində Mexiko şəhərinin meri Klara Bruqada bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi estafetini UN-Habitat ilə birgə təhvil verməsi çərçivəsində, yaxın illərdə əsas diqqət 2030-cu ilədək olan gündəliyin həyata keçirilməsinə yönəldiləcək.

"Bu gün Azərbaycan Prezidenti UN-Habitat ilə birgə estafeti bizə təhvil verdi. Biz düşünürük ki, 2028-ci ildə forumun əsas mövzusu 2030-cu ilədək olan gündəliyin müzakirəsi olacaq - məhz o zaman BMT-nin və müxtəlif ölkələrin bərabərsizliyin azaldılmasına, resursların yenidən bölüşdürülməsinə və dayanıqlı inkişaf məqsədlərinə nail olmağa kömək etməyi hədəflədiyi mühüm bir dövr başa çatır", - o qeyd edib.

Bruqada vurğulayıb ki, 2028-ci ildə əsas diqqət dünya şəhərlərinin iştirakı ilə yeni qlobal şəhər gündəliyinin formalaşdırılmasına yönəldiləcək.

"Biz diqqətimizi mənzil siyasətinin, şəhərə olan hüququn və şəhərsalmanın müzakirəsinə cəmləyəcəyik. Məhz bu mövzular əsas olacaq", - Mexiko meri əlavə edib.

Meksikada keçiriləcək WUF14-ün mümkün mövzusu ilə bağlı sualı cavablandırarkən, Bruqada qeyd edib ki, əsas mövzu 2030-cu ilə qədərki məqsədlər kontekstində mövcud şəhər gündəliyinin yenidən nəzərdən keçirilməsi olacaq.

"Biz bilirik ki, artıq bir gündəlik mövcuddur, lakin bütün sessiyalarda eşitdiyim kimi, yeni şəhər gündəliyinin yenidən nəzərdən keçirilməsi zərurəti var. Məhz bu məsələ müzakirə olunacaq - 2030-cu ilə qədər hansı yeni hədəfləri müəyyənləşdiririk, hansı hüquq və vəzifələri müəyyən edirik, o cümlədən mənzil hüququnun insan hüququ kimi tanınması, əlçatan mənzil təminatı və centifikasiya kimi problemlərlə necə mübarizə aparacağımız", - o yekunlaşdırıb.

Xəbər lenti