Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında səsləndirilən fikirlər bir daha göstərdi ki, İran tərəfindən Naxçıvan istiqamətində həyata keçirilmiş dron hücumu Azərbaycan dövlətinə və onun suverenliyinə qarşı yönəlmiş ciddi təxribatdır və qətiyyətlə pislənilməlidir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Onun sözlərinə görə, mülki obyektlərin – Naxçıvan Beynəlxalq Hava Limanının, terminal binasının və digər infrastrukturların hədəfə alınması beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır və regionda sabitliyə açıq təhlükə yaradır:
"Azərbaycan dövləti bu cür addımları qəbuledilməz hesab edir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran tərəfinin üzərinə düşür və rəsmi Tehran bu məsələyə dərhal aydınlıq gətirməli, izahat verməli və bu təxribatın təşkilatçıları məsuliyyətə cəlb olunmalıdır. Mülki infrastruktura qarşı dron hücumu heç bir halda izah edilə bilməz və bu, həm siyasi, həm də mənəvi baxımdan qəbuledilməz addımdır.
Eyni zamanda xatırlatmaq lazımdır ki, bu, İran tərəfindən Azərbaycana qarşı baş verən ilk təxribat deyil. Bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı da İranın təhlükəsizlik mühitinə və diplomatik münasibətlərə münasibəti barədə ciddi suallar doğurmuşdu. Bu hadisələr göstərir ki, Azərbaycanı hədəf alan belə addımlar təsadüfi deyil və məqsədli təxribat xarakteri daşıyır".
Deputat söyləyib ki, bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman qonşuluq münasibətlərinə sadiq qalıb və regionda sabitlik və əməkdaşlıq mühitinin qorunmasına çalışıb:
"Azərbaycanın ərazisi heç vaxt İran və ya hər hansı başqa dövlətə qarşı istifadə edilməyib və edilməyəcək. Əksinə, çətin məqamlarda Azərbaycan humanist mövqe nümayiş etdirərək İran tərəfinə dəstək göstərib, baş verən hadisələrlə bağlı başsağlığı verib və hətta humanitar məsələlərdə yardım göstərməyə hazır olduğunu bildirib.
Belə bir şəraitdə Naxçıvan ərazisində mülki obyektlərin hədəf alınması açıq şəkildə nankorluq və məsuliyyətsiz davranış kimi qiymətləndirilməlidir. Bu cür addımlar regionda sülhə deyil, yalnız gərginliyə xidmət edir və heç bir halda qəbul edilə bilməz".
Azərbaycanın mövqeyinin aydın olduğunu vurğulayan Fatma Yıldırım əlavə edib ki, dövlətin suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı addım cavabsız qalmayacaq:
"Tarix dəfələrlə göstərib ki, Azərbaycana qarşı təxribat və hücum edənlər gec-tez bunun ağır nəticələri ilə üzləşiblər. Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq öz təhlükəsizliyini qorumaq və müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və dövlətimizin təhlükəsizliyinə qarşı yönələn hər hansı təhdidə qətiyyətlə reaksiya veriləcək".
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 2 nəfər xəsarət alıb.

