Müxtəlif ölkələr və beynəlxalq təsisatlar Azərbaycan ərazisinin İranın dron hücumuna məruz qalmasnı pisləyən bəyanatlar yayıb və rəsmi Bakıya dəstək nümayiş etdirib.
"Report" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas İranın Naxçıvana PUA hücumlarını eskalasiya adlandırıb. Kallas bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld özünün "X" sosial media hesabında İranın Naxçıvana dronlarla zərbə endirməsini tamamilə qəbuledilməz adlandırıb:
"Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir".
Rəsmi Paris də İranın Naxçıvana hücumu ilə əlaqədar Bakı ilə tam həmrəyliyini ifadə edib.
"Fransa bu gün səhər Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanını vuran İranın dron hücumunu qətiyyətlə pisləyir. Fransa bu hücum zamanı xəsarət alan dörd nəfərin tezliklə sağalmasını arzulayır", - Fransa XİN-in bəyanatında bildirilib.
İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin yaydığı bəyanatda isə deyilir: "İspaniya bu dost ölkələrlə həmrəy olduğunu bir daha bəyan edir".
İranın beynəlxalq hüquqazidd olan bu addımının gərginliyin artması riskini gücləndirdiyi bildirilib.
Daha bir dəstək bəyənatı Səudiyyə Ərəbistanından gəlib. Bu ölkənin Xarici İşlər Nazirliyi İranın pilotsuz uçuş aparatları (PUA) ilə Azərbaycana zərbə endirməsini, həmçinin Türkiyəyə hava hücumu cəhdini pisləyib.
"İki ölkəyə qarşı bu qorxaq cəhdlər, həmçinin İranın region dövlətlərinə qarşı təkrarlanan həyasız davranışı heç bir halda bəraət qazandırılması mümkün olmayan düşmənçilik kursunun sübutudur. Bu həm də beynəlxalq qanunlara, normalara və mehriban qonşuluq prinsiplərinə açıq şəkildə ziddir və gərginliyin daha da artmasına gətirib çıxarır", - bəyanatda deyilir.
Qətər XİN-in bəyanatında Türkiyənin ballistik raketlə, Azərbaycanın isə İran PUA-ları ilə hədəf alınması "düşmənçilik hərəkətləri" adlandırılıb. Bəyanatda bu hərəkətlər təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirilib, həmçinin regionun təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid hesab edilib.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək İranın Azərbaycan ərazisinə dron hücumunu pisləyib.
Albaniyanın Baş naziri Edi Rama "X" sosial şəbəkəsindəki hesabında İran tərəfindən Azərbaycana edilən hücumu "qəbuledilməz aqresiya aktı" adlandırıb.
Litvanın xarici işlər naziri Kyastutis Budris İranın Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura hücum etməklə beynəlxalq hüququ açıq şəkildə pozduğunu bəyan edib. "Bu cür təcavüz gələcək eskalasiya riski daşıyır və dərhal dayandırılmalıdır", - yazan nazir Litvanın Azərbaycanla həmrəy olduğunu bildirib.
Latviya Prezidenti Edqars Rinkeviçs isə Prezident İlham Əliyevlə telefon danışığında Azərbaycan dövləti və xalqı ilə həmrəyliyini ifadə edib.
Prezident İlham Əliyevə zəng edən dövlət başçıları sırasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də var. Özbəkistan Prezidenti İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb və ölkəsinin Azərbaycanı dəstəklədiyini vurğulayıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də İranın Naxçıvana hücumunu qınayıb.
Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev azərbaycanlı həmkarına zəng vurub və İranın dron hücumlarının regionda gərginliyin daha da artmasına xidmət etdiyini bildirib.
Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsindəki hesabında Azərbaycan dövləti və rəhbərliyini dəstəklədiyini vurğulayıb:
"Biz qardaş ölkə Azərbaycana qarşı son hücumlarla bağlı ciddi narahatlığımızı ifadə edirik. Pakistan Azərbaycanın rəhbərliyini və xalqını qətiyyətlə dəstəkləyir, gərginləşmə təhlükəsi yaradan, regional sülhü və sabitliyi sarsıdan bu hərəkətləri pisləyir".
BMT-nin Azərbaycandakı nümayəndəliyi İranın Naxçıvana dron hücumlarından sonra Azərbaycanla həmrəylik ifadə edib.
Gördünüyü kimi, İranın Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura dron zərbələri endirməsi və dinc insanları hədəfə alması ilə əlaqədar bütün ölkələr Azərbaycanla həmrəylik nümayiş etdirir.
Diqqətçəkən məqamlardan biri isə odur ki, həm türk və müsəlman dünyası, həm də Avropa və Qərb dövlətləri İranın dron hücumlarını pisləyib Azərbaycana dəstək ifadə edir, bu isə rəsmi Bakının etibarlı tərəfdaş kimi dünyada nüfuz qazandığını bir daha təsdiqləyir.













