Dünyanın Türkiyə və Azərbaycan kimi dövlətlərin ədalətinə ehtiyacı var.
Bunu "Report"un Türkiyə bürsouna açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Cantürk Alagöz bildirib.
Deputat bu gün İranın Naxçıvana dron hücumunu pisləyərək bildirib ki, bu həssas məqamlarda Türkiyə və Azərbaycanın daha çox həmrəylik və birlik nümayiş etdirməsi vacibdir:
"Təəssüf ki, haqlının güclü olduğu deyil, güclünün haqlı olduğu dünyada yaşayırıq. Onların işi fitnə-fəsad yaratmaqdırsa, bizim də işimiz birlik, bərabərliyimizi daha da artırmaqdır. Türkiyə ilə Azərbaycan strateji ittifaqını gücləndirir, ədalət və həmrəyliyi ilə dünyaya nümunə olur. Bu gün cənab prezidentlərimizin, xarici işlər nazirlərimizin telefon söhbəti oldu, bir daha iki qardaş dövlət həmrəylik nümayiş etdirdi".
O, Naxçıvanda yaralananlara şəfa diləyib.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan tərəfi cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.