Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatının əməkdaşları Rusiya tərəfə keçən Xerson rayonunun kənd sovetlərindən birinin deputatını saxlayıblar.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, həmin şəxs qadağan olunmuş Regionlar Partiyasının üzvü olub və genişmiqyaslı döyüşlərin əvvəlində icmanın ərazisinə daxil olan rus qoşunlarının bölmələri ilə qarşılaşıb.
Qeyd olunur ki, o, Ukraynaya qarşı müharibədə işğalçılara ilk “kömək” təklif edənlərdən biri olub və müqavimət hərəkatı üzvlərinin eləcə də onların ailə üzvlərinin yaşayış yerlərini düşmənə “təslim edib”. Xainin “təslim etdiyi” ilk şəxslərdən biri Ukraynayönlü mövqedə olan və Rusiyanın silahlı təcavüzünə qarşı çıxan atası olub.
Vətənpərvər ata rusların Ukrayna ərazisindəki zindanına aparılıb. Orada onu raşistlərlə əməkdaşlığa cəlb etmək üçün çoxsaylı işgəncələrə məruz qoyublar.
Həmçinin, satqın deputat öz təşəbbüsü ilə Rusiyanın nəzarət-buraxılış məntəqələrində silahla “növbətçi olub” və Ukraynanın nəzarətində olan əraziyə gedən vətəndaşların evlərində işğalçıları “yerləşdirib”.
Kənd azad edildikdən sonra o, ədalətdən yayınmaq üçün gizlənməyə çalışsa da, Ukrayna hərbçiləri vətən xainini taparaq saxlayıblar.
Ona qarşı Ukrayna Cinayət Məcəlləsinin iki maddəsi ilə, 111-ci (hərbi vəziyyətdə törədilmiş dövlətə xəyanət) və 111-1-ci (əməkdaşlıq fəaliyyəti) maddələri ilə cinayət işi açılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Deputatı ömürlük həbs cəzası gözləyir.