BMT-nin Azərbaycandakı nümayəndəliyi İranın Naxçıvana dron hücumlarından sonra Azərbaycanla həmrəylik ifadə edib.
"Report" xəbər verir ki, bu barədə nümayəndəlik "X" sosial şəbəkəsində məlumat yayıb.
"Düşüncələrimiz bu gün dron hücumları nəticəsində zərər çəkmiş Naxçıvan Muxtar Respublikasının sakinləri ilədir. BMT-nin Azərbaycandakı komandası xəsarət alan dörd nəfərə tezliklə sağalmalarını arzulayır", - məlumatda bildirilib.
Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.