Latın Amerikasının bir neçə ölkəsinin lideri ABŞ prezidenti Donald Trampla görüşmək üçün 7 mart şənbə günü Mayamiyə gələcək.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit deyib.
"Prezident şənbə günü Florida ştatının Mayami şəhərində Qərb yarımkürəmizdəki 12 ölkənin dövlət başçılarını qəbul edəcək. Bu yeni Latın Amerikası sammitinin məqsədi bölgəmizdə azadlığı, təhlükəsizliyi və rifahı təşviq etməkdir. Mayamidəki görüşdə aşağıdakı ölkələr iştirak edəcək: Argentina, Boliviya, Çili, Kosta-Rika, Dominikan Respublikası, Ekvador, Salvador, Honduras, Panama, Paraqvay, Trinidad və Tobaqo və bəlkə də digərləri", - deyə o, brifinqdə bildirib.
O bildirib ki, sadaladığı ölkələr təkcə ABŞ-da deyil, həm də bütün Qərb yarımkürəsində narkotik terrorçu qrupları və kartelləri, qanunsuz və kütləvi miqrasiya ilə birgə mübarizə aparmaq üçün tarixi bir koalisiya yaradıblar.