Xalçaçı rəssam Məhəmmədhüseyn Hüseynov Pazırıq xalısının türk xalqlarına mənsubluğunu sübut etdiyi monoqrafiyaya yalnız azərbaycanlılardan reaksiya gəldiyini deyib.
O, "Report"a müsahibəsində bildirib ki, buna əsas səbəb araşdırma ilə bağlı monoqrafiyasının yalnız Azərbaycan dilində nəşr olunmasıdır.
"Kitabın Azərbaycan dilində nəşri Mədəniyyət Nazirliyinin dəstəyi ilə olmuşdu. Başqa dilə tərcüməsi və nəşri də düşünürəm ki, onların təklifi ilə olmalıdır. Çünki kitabın mahiyyəti bizim üçün çox böyükdür, bu mənada, bu istiqamətdə təbliğat vacibdir və əsər türk, rus, ingilis dillərinə tərcümə olunmalıdır", - rəssam vurğulayıb.
M.Hüseynov onu da əlavə edib ki, bu araşdırmaya qədər ermənilər Pazırıq xalısının erməni xalısı olmasını müdafiə edən onlarla kitablar yazıb təbliğatını aparıblar.
"Bu narahatlıqdan yola çıxaraq xalı üzərində araşdırmalara başladım, dörd fəsildən ibarət "Pazırıq xalısı – rəmzlər dünyası" adlı elmi monoqrafiyanı işlədim. Mən bu monoqrafiyada xalının ümumtürk mədəniyyətə aid nümunə olduğunu sübut etmişəm".
Rəssam başqa araşdırmaçıların da xalı ilə bağlı kitab müəllifi olduqlarını qeyd edib.
Xalını kurqandan tapıb çıxaran alimin, yəni Rudenkonun (Sergey İvanoviç Rudenko – rusiyalı arxeoloq alim, – N.P) bu istiqamətdə bir neçə kitabı var, amma bunlar hamısı ümumən Altay bölgəsində tapılan və Türk xalqlarına aid mədəniyyət nümunələri ilə bağlıdır. Sonralar onun sələfləri də bu istiqamətdə müəyyən araşdırmalar ediblər.
Konkret türk alimlərinə gəlincə, onlardan da var. Ötən əsrin 70-ci illərindən sonra diyarbəkirli alim Fuat Tekçenin də Pazırıq xalısı ilə bağlı kitabı var. Onun da iddiası mənim monoqrafiyamdakı iddialarımla üst-üstə düşür".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.