İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalı ölkənin zəfəran məhsulları istehsalçılarından biri ilə işgüzar görüş keçirib.
"Report" Mərkəzə istinadən xəbər verir ki, görüşün əsas məqsədi ölkəmizdə istehsal olunan zəfəran və ondan əldə edilən müxtəlif təyinatlı məhsulların AŞB, Avropa və ərəb ölkələrinin bazarlarına çıxarılması istiqamətində birgə əməkdaşlığın qurulmasıdır.
Görüş zamanı "Made in Azerbaijan" brendinin dünyada tanıdılması istiqamətində atılan addımlar çərçivəsində Abşeron zəfəranının unikal keyfiyyət göstəriciləri ətrafında müzakirələr aparılıb. Bildirilib ki, dəniz iqlimi və yodla zəngin münbit torpaqlarda yetişdirilən Abşeron zəfəranı qlobal bazarlarda ən yüksək premium seqmentdə rəqabət aparmaq potensialına malikdir.
Əməkdaşlıq çərçivəsində şirkətin istehsal etdiyi xam zəfəranla yanaşı, zəfəranlı bal, müxtəlif çeşiddə meyvə və gül mürəbbələri, kosmetik vasitələr (krem, sabun, gül vannası və s.) və digər məhsulların ixrac coğrafiyasının "Azexport"un imkanları vasitəsilə genişləndirilməsi nəzərdə tutulur. Görüşdə məhsulların hədəf bazarların tələblərinə uyğunlaşdırılması, qlobal e-ticarət platformalarında beynəlxalq satışının təşkili və logistika zəncirinin qurulması üzrə ortaq fəaliyyətə dair razılıq əldə olunub.