“El-Ninyo” təbiət hadisəsinin səbəb olduğu yağışlar və daşqınlar Somalidə 96 nəfərin həyatına son qoyub.
Lent.az xəbər verir ki, Somali hökumətinin məlumatına görə, leysan yağışlarından əsasən Hirşabella, Cənub-qərbi Somali və Cubalenddə zərər çəkən təxminən 2 milyon nəfər məcburi köçkünə çevrilib.
Qorn burnunda müşahidə edilən uzunmüddətli və güclü quraqlıqdan bir neçə ay sonra baş verən daşqınlar regionda evlərin böyük hissəsini dağıdıb, nəticədə insanların çoxu ağacların altında və ya küçələrdə sığınacaq axtarmalı olub.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı xəbərdarlıq edir ki, Afrika Buynuzunda güclü və uzunmüddətli yağışların əmələ gətirdiyi daşqınlar minlərlə ailənin, o cümlədən Efiopiya, Keniya və Somali qaçqınlarının yaşayış yerlərini dəyişməsinə səbəb olub.
Qurum qeyd edir ki, təmiz və təhlükəsiz içməli su qıtlığı yaranıb, səhiyyə sistemi, eləcə də minlərlə baş mal-qara və əkin sahələri ziyan çəkib. Bu hal bütövlükdə onsuz da ağır olan ərzaq təminatının pisləşməsi riskini artırıb. Fəlakətli sanitar şərait yoluxucu xəstəliklərin, o cümlədən vəbanın artmasına səbəb ola bilər.
Adətən “El-Ninyo” hadisəsi Cənubi Amerikanın cənub hissəsində, ABŞ-ın cənubunda, Afrika Buynuzunda və Mərkəzi Asiyada yağıntıların artmasına səbəb olur. Bununla yanaşı, “El-Ninyo” Avstraliyada, İndoneziyada, Cənubi Asiyanın bəzi regionlarında, Mərkəzi Amerikada və Cənubi Amerikanın şimal hissəsində güclü quraqlıq yarada bilər.