İrana hücumdan əvvəl ABŞ-nin Yaxın Şərqdəki bazalarında hava hücumundan müdafiə (HHM) sistemlərinin çatışmazlığı barədə Ağ Evə məruzə edilib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan amerikalı məmura istinadən məlumat yayıb.
Bildirilib ki, İrana qarşı əməliyyatın potensial riskləri arasında ABŞ-nin Yaxın Şərqdəki bazalarına cavab zərbələri göstərilib. Ağ Ev regionda hərbi qüvvələrini artırsa da, HHM vasitələrinin İran tərəfindən edilən raket zərbələrinin öhdəsindən gələ bilməməsi riski var.
Digər bir məmur bildirib ki, ABŞ Prezidenti Donald Trampa əməliyyatın yüksək risk və potensial olaraq böyük fayda daşıdığı barədə məlumat verilib.
Brifinqdə Yaxın Şərqdə ABŞ-nin maraqları lehinə dəyişiklikdən, eləcə də amerikalılar arasında potensial olaraq çoxsaylı itkilərdən bəhs olunub.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.
Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.