IMG-LOGO

Cio Kristofoli: "Biliklərə çıxış uğurlu təhsil prosesinin əsasını təşkil edir"

18 Feb 2026 10:27 3 baxış
IMG

Biliklərə çıxış uğurlu təhsil prosesinin əsasını təşkil edir.

"Report" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Dövlət Universitetində (BDU) rəqəmsal şəkildə idarə olunan müasir kitabxananın yaradılmasına yönəlmiş sosial investisiya layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, BP BDU-nun müasir, rəqəmsal imkanlarla təchiz olunmuş kitabxana sisteminə keçidini dəstəkləməkdən qürur duyur: "Biliklərə çıxış uğurlu təhsil prosesinin əsasını təşkil edir və bu layihə tələbələr, müəllimlər və tədqiqatçılar üçün öyrənmə, innovasiya və əməkdaşlıq baxımından yeni geniş platforma təmin edir".

C. Kristofoli hesab edir ki, bu təşəbbüs bu günün tələbələrinə fayda verməklə yanaşı, eyni zamanda universitetin əvəzolunmaz bilik fondunun gələcək nəsillər üçün qorunub saxlanılmasına da töhfə verir: "Bu, həmçinin BP-nin Azərbaycanda ali təhsilin və elmi tədqiqatların keyfiyyətinin artırılmasına verdiyi dəstəyi əks etdirir".

"Biz tərəfdaş kimi özümüzü adlandırmaq istəyiriksə, tərəfdaş kimi özümüzü görmək istəyiriksə, biz ölkədə həqiqi zənginliyin əsasını qoyan təhsilə dəstək olmalıyıq. Bu səbəbdən biz BDU və digər təhsil müəssisələri ilə əməkdaşlıq edirik. Belə ki, 2019-cu ildə biz BDU ilə ilk əməkdaşlıq sazişini imzaladıq, bu gün isə həmin sazişi yeniləyirik. Eyni zamanda çox böyük qürur hissi ilə qeyd etməliyəm ki, biz BDU-da nəşriyyatın yenidən qurulmasına dəstək olduq", - o vurğulayıb.

C.Kristofoli qeyd edib ki, hazırda Universitetdə ən müasir tələblərə cavab verən XRD laboratoriyası qurulub: "Burada materialların rentgen şüaları ilə təhlili üçün, analizi üçün geniş imkanlar var və BP olaraq öz tərəfimizdən bu istiqamətdə də əməkdaşlığı davam etdirmək və müvafiq potensialı dəstəkləmək, tədqiqatlar keçirmək məsələsində işlərimizi davam etdirəcəyik".

Xəbər lenti