IMG-LOGO

Zelenski: Ukrayna xalqı işğal olunmuş ərazilərin Rusiyada qalmasına razılıq verməyəcək

18 Feb 2026 00:04 3 baxış
IMG

Ukrayna xalqı ordunun şərqdəki Donbas bölgəsindən birtərəfli çıxarılmasını və vilayətin Rusiyaya verilməsini nəzərdə tutan sülh sazişini qəbul etməyəcək.

"Report" xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski "Axios"a müsahibəsində bildirib.

O qeyd edib ki, amerikalı vasitəçilər Stiv Uitkoff və Cared Kuşner onu Rusiyanın müharibənin dayandırılmasını istədiyinə inandırmağa çalışıblar, lakin Zelenski buna skeptik yanaşaraq onlara öz xalqının "uğursuz tarix" kimi qəbul edəcəyi sülh baxışını irəli sürməyə məcbur etməməyi məsləhət görüb.

Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Trampın sülh naminə güzəştlərə açıq şəkildə Rusiyanı deyil, məhz Ukraynanı çağırması ədalətsizlikdir.

"Tramp üçün Ukraynaya təzyiq göstərmək daha böyük Rusiyaya nisbətən daha asan ola bilər, lakin davamlı sülhə gedən yol qələbəni Rusiya Prezidenti Vladimir Putinə vermək deyil", - Ukrayna lideri bəyan edib.

Zelenski bildirib ki, ərazi məsələsində irəliləyişə nail olmağın ən yaxşı yolu Putinlə şəxsi görüşdür. O, komandasına gələcəkdə Cenevrədə liderlər səviyyəsində görüşün təşkilini tapşırıb.

Amerikalı vasitəçilər Ukrayna qoşunlarını onların nəzarətindəki Donbas hissələrindən çıxarmağı və demilitarizasiya edilmiş "azad iqtisadi zona" yaratmağı təklif ediblər. Zelenski isə Moskvadan öz qoşunlarını ekvivalent məsafəyə geri çəkməyi tələb edib və Rusiyanın bu ərazi üzərində suverenlik qurmaq istəyini rədd edib.

Vaşinqton və Kiyev razılaşıb ki, istənilən saziş Ukrayna xalqının referendumuna çıxarılmalıdır. Zelenskinin fikrincə, əgər bu saziş sadəcə Ukrayna tərəfinin suverenliyi və orada yaşayan insanların vətəndaşlığını qurban verərək Donbasdan çıxmasını nəzərdə tutursa, o rədd ediləcək.

"Emosional olaraq, insanlar bunu heç vaxt bağışlamayacaqlar. Heç vaxt. Onlar məni... bağışlamayacaqlar, onları (ABŞ-ni - red.) bağışlamayacaqlar", - Zelenski bildirib və əlavə edib ki, ukraynalılar onlardan əlavə torpaqların güzəştə gedilməsi tələbini anlaya bilmirlər.

Xəbər lenti