IMG-LOGO

İctimai yengələr, namus deyingənləri: Niyə əlinə mikrofon alan əxlaqdan danışır?

17 Feb 2026 20:15 4 baxış
IMG
15 0

Özünə umac ova bilmir, başqasına əriştə kəsir. Baxırsan, nə şəxsiyyəti şəxsiyyət, nə sənəti sənət, nə də danışığı bir danışıqdır. Di gəl, efirə çıxıb qədim Çin müdrikləri kimi öyüd-nəsihət verir...

Bütün dünyada sosioloqlar, psixoloqlar, aidiyyəti qurumlar ailə məsələləri ilə bağlı statistikalar çıxarır, boşanmaların səbəblərini araşdırır, qalaq-qalaq araşdırma yazıları, kitablar yazırlar. Amma tutalım, Eldəniz Məmmədov kimi biri çıxıb efirdə deyir ki, boşananlar 50 min dollar cərimə edilsin.

Belə bir qanun qəbul edilsə, ölkədə ən çox işlənən cümlə bu olacaq:

"50 minim olsa idi, verib bu avaragordan canımı qurtarardım". 

Məsələn, o sabah çıxıb deyə bilər ki, intiharlar çoxalıb, gəlin, intihar edənləri həbs edək, ya da islah işlərinə göndərək. İntihar edən cəhənnəmə düşsə, islah işi olaraq qır qazanların altını qalayacaq, cənnətə düşsə, oranın daimi sakinlərinə şərab qədəhlərini aparıb-gətirəcək...

Məsələ təkcə Eldəniz deyil, eldənizkimilər və onlar kimi didaktik avaraçılıq edənlərdir ki, bu gün Azərbaycan televiziyasının efirlər yaraşığı, tribuna kraliçalarına çevriliblər. 

Ümumiyyətlə, sənət adamı niyə efirlərdə əxlaq deyingənliyi ilə məşğul olmalıdır? Ailə-məişət mövzuları sosioloq, psixoloqların işidir. Ekspert qismində hər dəfə bir müğənni çağırılır və ara qızışdırılır. Haçan o verilişlərə baxsan, görürsən ki, Mehriban Xanlarova qayınanalıq edir, öyüd-nəsihət verir. Elnarə Abdullayeva kimisə qoyub qabağına danlayır, Manaf Ağayev kişilik manifesti yazır, hüquqşünas Şəfiqə Nağıyeva el ağbirçəkliyi edir - bir sözlə, efiri namus-qeyrət atəşfəşanlığına tuturlar, ictimai yengəliklə məşğuldurlar. Harada alınmayan ailə həyatı olan, uğursuz ana, ata varsa camaatın başına ağıl qoymağa çalışır.

Efirimizin Lalə Azərtaşı, Xoşqədəmi, bir cüt də Zauru var ki, işləri-gücləri aidiyyəti olmayan adamları gətirib ailə-məişət mövzularında danışdırmaqdır. Reytinq xatirinə o qədər adamı yığıb danışdırırlar. Nə qədər tanınmış var ki, xalq arasında olan az-çox hörmətini də o verilişlərdə itirib. 

Ümumiyyətlə, bu cür ailə-məişət mövzuları sosioloq, psixoloqların işidir. Efiri belə mövzularla çirkləndirmək lazım deyil. Mediasiya Şurası var. Problemi olan gedib oraya müraciət edə bilər. 

Nəhayətində, hərə öz işi ilə məşğul olmalıdır. Hərə öz keçmişinə, həyatına uyğun sözlər işlətməlidir. Qalanı isə... Yox, o dəqiqə düzəlməyəcək.  

Eldəniz Məmmədov Mehriban Xanlarova Elnarə Abdullayeva güneşlar əxlaq namus

Xəbər lenti