IMG-LOGO

Əraqçi: İran və ABŞ mümkün sazişin mətni üzərində işləməyə başlaya bilər

17 Feb 2026 19:35 4 baxış
IMG

İran və ABŞ Cenevrədəki danışıqlarda Beynəlxalq Atom Enerjisi Agentliyinin Tehran və Vaşinqton arasındakı münasibətlərdə oynaya biləcəyi rolunu müzakirə ediblər.

"Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Tərksilah üzrə Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, məsləhətləşmələr zamanı agentliyin tərəflər arasında dialoqun inkişafındakı mümkün rolu müzakirə olunub: "İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqları ekspert səviyyəsində davam etdirəcək. Biz həmişə məzmunlu və ədalətli danışıqlara hazırıq".

Əraqçi həmçinin vurğulayıb ki, İranla ABŞ arasında növbəti dolayı danışıqlar raundu nəticəsində yaxşı irəliləyiş əldə olunub və atmosfer əvvəlki görüşlərlə müqayisədə daha konstruktiv olub. Tərəflər ümumilikdə bir sıra baza prinsiplərini razılaşdırıblar və mümkün sazişin mətni üzərində işləməyə başlamaq niyyətindədirlər.

Bununla belə, İran XİN rəhbəri qeyd edib ki, sürətli nəticələr gözləmək lazım deyil, çünki danışıqların növbəti mərhələsi daha mürəkkəb və detallı olacaq. Məsləhətləşmələrin yeni raundunun vaxtı hələ müəyyən edilməyib.

Qeyd edək ki, bu gün Cenevrədə İran-ABŞ danışıqlarının ikinci raundu baş tutub.

Xəbər lenti