IMG-LOGO

Bakıda Avropa milli geyimləri və zinət əşyaları sərgisi açılıb

17 Feb 2026 20:04 4 baxış
IMG

Azərbaycan Milli Xalça Muzeyində Avropa milli geyimlərinə və zinət əşyalarına həsr olunmuş "Bağda güllər" sərgisi açılıb.

"Report" xəbər verir ki, sərgi Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, eləcə də Azərbaycan İncəsənət Şurası, Azərbaycan Milli Xalça Muzeyi və Aİ-yə üzv ölkələrin Bakıdakı səfirlikləri tərəfindən təşkil olunub.

Açılış mərasimindəki çıxışında Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç vurğulayıb ki, sərgi Azərbaycan auditoriyasını Avropa bədii sənətkarlığının çoxəsrlik irsini əks etdirən Avropa ənənəvi geyimləri ilə tanış etmək məqsədi daşıyır.

"Milli geyim millətin tarixinin əks olunmasıdır. O, sosial, iqtisadi, mədəni və tarixi, eləcə də təbii və coğrafi amillərin təsiri altında formalaşır", - o bildirib.

Səfir vurğulayıb ki, qeyd olunan səbəblərə görə milli geyim müxtəlif ölkələrin mədəniyyətini öyrənmək üçün mühüm mənbəyə çevrilir.

"Ümid edirik ki, sərgi azərbaycanlı ziyarətçilərə Aİ ölkələrinin milli mədəniyyəti və folkloru ilə daha dərindən tanış olmağa kömək edəcək", - Kuyundziç qeyd edib.

Sərgidə Bolqarıstan, Çexiya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya səfirlikləri tərəfindən təqdim olunan 16 dəst milli geyim nümayiş etdiriləcək.

Bununla yanaşı, sərgidə muzeyin kolleksiyasında saxlanılan və Azərbaycanın tarixini və mədəni irsini təcəssüm etdirən Azərbaycan milli geyimləri, həmçinin "Bağda güllər" və "Alpan" xalçaları təqdim olunacaq.

Sərgi fevralın 21-dək davam edəcək.

Xəbər lenti