IMG-LOGO

Azərbaycan və İsrail təmiz enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

17 Feb 2026 16:29 5 baxış
IMG

Azərbaycan və İsrail təmiz enerjinin inkişafı sahəsində ikitərəfli əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Xəzər-Qara dəniz-Avropa marşrutu üzrə "yaşıl enerji"nin ixracı layihəsi çərçivəsində yaradılmış "Yaşıl Enerji Dəhlizi" Birgə Müəssisəsinin (GECO, "Black Sea Energy") baş direktoru Fərhad Məmmədov sosial şəbəkədə yazıb.

O bildirib ki, Azərbaycan və İsrailin Energetika nazirliklərinin nümayəndələri arasında keçirilən ikitərəfli onlayn görüşdə GECO layihəsinin təqdimatı olub, onun strateji baxışı, regional əhəmiyyəti və bu günə qədər əldə olunmuş irəliləyiş vurğulanıb.

"Bundan başqa, tərəflər qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müzakirə edib, xüsusilə təmiz enerjinin inkişafı sektorunda təcrübə mübadiləsinə və gələcək əməkdaşlıq imkanlarına diqqət yetiriblər", - paylaşımda bildirilir.

Xatırladaq ki, Xəzər-Qara dəniz-Avropa yaşıl dəhlizi layihəsi üzrə birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu 25 iyul 2023-cü il tarixində Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanıb.

Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini bir-birinə bağlayacaq ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 155 km-dən çox olacaq (1 115 km suyun altında və 40 km quruda), gərginliyi 525 kV, gücü isə 1 300 MVt olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatması planlaşdırılır.

Azərbaycanın günəş enerjisi sahəsində böyük potensiala malik olan Qazaxıstan və Özbəkistanla əməkdaşlıq çərçivəsində yaratdığı Mərkəzi Asiya-Azərbaycan enerji dəhlizi gələcəkdə Xəzər-Qara dəniz dəhlizi ilə əlaqələndirilə bilər ki, bu da Mərkəzi Asiyanın böyük regionlarının iki dəniz vasitəsilə Avropa ilə birləşdirilməsini təmin edəcək.

Xəbər lenti