IMG-LOGO

Əmlak Məsələləri Dövlət Xidməti yeni elektron xidmətlərini istifadəyə verib

17 Feb 2026 14:26 4 baxış
IMG

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yeni elektron xidmətlərini istifadəyə verib.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, 2006-cı il iyulun 6-na qədər müvafiq icra hakimiyyəti orqanlarının verdiyi aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında əvvəllər yaranmış mülkiyyət və istifadə hüquqları artıq onlayn qaydada qeydiyyata alınır. Yeni elektron xidmətlə istifadəçilər müvafiq sənədləri elektron formada təqdim edə, müraciətlərinin icra vəziyyətini real vaxt rejimində izləyə və qeydiyyat nəticəsində formalaşdırılan çıxarış və texniki sənədləri elektron qaydada əldə edə bilərlər.

Bu yenilik daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, rəqəmsal hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına yönəlib.

"Müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması xidməti" və "Müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar və şəhadətnamələr əsasında istifadə hüququnun dövlət qeydiyyatına alınması xidməti" İqtisadiyyat Nazirliyinin "e-services.economy.gov.az" internet informasiya sistemi üzərindən istifadəyə açıqdır və normativ-hüquqi tələblərə tam uyğun şəkildə fəaliyyət göstərir.

Adıçəkilən elektron xidmətlərin istifadəsinə dair təlimatla "e-services.economy.gov.az" internet informasiya sistemi vasitəsilə tanış olmaq olar.

Xəbər lenti