IMG-LOGO

FHN əməkdaşı: GCS 200 qurğusu ilə saatda 750-1500 kv/metr ərazini minalardan təmizləmək olar

17 Feb 2026 14:28 4 baxış
IMG

GCS 200 mexaniki minatəmizləmə vasitəsi ilə saatda 750-1500 kv/metr ərazini təmizləmək mümkündür.

"Report"un Ağdama ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanışlıq məqsədilə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında nazirliyin Minatəmizləmə üzrə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Şəmistan Əlizadə deyib.

Onun sözlərinə görə, minatəmizləmə əməliyyatları bir-birinə paralel şəkildə üç vasitə ilə həyata keçirilir:

"Konkret desək, bu əməliyyatlar əl, kinoloji və GCS 200 markalı məsafədən idarəolunan mexaniki minatəmizləmə vasitəsilə icra olunur. Mexaniki minatəmizləmə vasitələri şəxsi heyətin təhlükəsizliyini təmin etməklə yanaşı, işin sürətini və keyfiyyətini artıran əsas amillərdən biridir".

Ş.Əlizadə bildirib ki, mexaniki minatəmizləmə vasitəsi iki əsas – "Fleyer" və "Tiller" qoşqularından ibarətdir:

"Hər iki qoşqu piyada və tank əleyhinə minaları zərərsizləşdirmək üçün nəzərdə tutulub. "Fleyer" qoşqusu bərk torpaq, çınqıllı, daşlı ərazilərdə, "Tiller" qoşqusu isə bitki örtüklərinin sıx olduğu ərazilərdə və yumşaq torpaqlı ərazilərdə işləmək üçün əlverişlidir. Onu da qeyd edim ki, mexaniki minatəmizləmə vasitəsi ilə yerin relyefindən asılı olaraq saatda 750-1500 kvadrat metr ərazini təmizləmək mümkündür".

Xəbər lenti