Azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatı tam dəqiqliklə həyata keçirilir.
"Report"un Ağdama ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanışlıq məqsədilə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında nazirliyin minatəmizləmə üzrə xüsusi təyinatlı alayının əməkdaşı Altay Alıyev deyib.
O, FHN-in minatəmizləmə əməliyyatları çərçivəsində qarşıya qoyulan tapşırıqların bir hissəsinin artıq yerinə yetirildiyini vurğulayıb:
"Növbəti tapşırıq hazırda Ağdam rayon ərazisində icra olunur. Bura da digər ərazilər kimi mina və partlamamış hərbi sursatlarla xeyli çirkləndirilib. Ərazidə mexaniki, əllə və itlərlə minatəmizləmə qrupları fəaliyyət göstərir".
O, müşahidə aparılan ərazidə minaların toplanma məntəqəsinin yerləşdiyini bildirib:
"Burada piyada əleyhinə "R 001" minaları, eyni zamanda partlamamış sursatlar toplanıb. Qruplarda çalışan əməkdaşlar əsasən xaricdə təhsil almış mütəxəssislərdir. Minatəmizləmə əməliyyatı yüksək dəqiqliklə həyata keçirilir".












