Azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatlarında istifadə olunan avadanlıqlar mütəmadi yenilənir.
"Report"un Ağdama ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanışlıq məqsədilə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Pirotexniki və İstehkam Şöbəsinin rəisi Ələkbər Ələkbərov deyib.
O, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə yanaşı, minatəmizləmə fəaliyyətinin də sürətlə davam etdirildiyini vurğulayıb:
"Bu prosesdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə Xüsusi təyinatlı alayının da qüvvə və vasitələri fəal şəkildə iştirak edir. Əməliyyatda iştirak edən şəxsi heyət ən müasir avadanlıqlarla təchiz olunduqdan sonra təmizləmə sahəsinə buraxılır. Bizim istifadədə olan avadanlıqlar mütəmadi olaraq yeni nəsil avadanlıqlarla əvəzlənir. Həmçinin dörd ədəd GCS 200 mexaniki minatəmizləmə vasitəsi ilə təchiz olunmuşuq. Bir daha vətəndaşlara üz tutaraq onları azad olunmuş ərazilərə səfər zamanı icazə verilməyən və marşrutdankənar ərazilərdə hərəkət etməməyə çağırıram".