Azərbaycan ənənəvi olaraq neft-qaz sahəsində təhsilin yüksək keyfiyyəti və mütəxəssislərin peşəkarlığı ilə tanınır.
"Report" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan nümayəndəliyinin əməkdaşı Real Hacıyev "Azərbaycanın enerji sektorunda gənclərin bazarın tələblərinə uyğun bacarıqlara və məşğulluq imkanlarına çıxışının genişləndirilməsi" layihəsinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu gün peşəkar bacarıqların energetika sahəsində baş verən irimiqyaslı dəyişikliklərlə uzlaşmasını təmin etmək vacibdir.
"Bu tələbat xüsusilə aktualdır, çünki Azərbaycanda gənclərin məşğulluğu problemli məsələ olaraq qalır. Bundan başqa, peşə təhsilinə çıxış hələ də məhduddur, gender disbalansı isə əmək bazarının səmərəliliyini azaldır", - R.Hacıyev qeyd edib.
O vurğulayıb ki, yeni layihə məhz bu çağırışların həllinə yönəlib.
"Növbəti 18 ay ərzində biz tərəfdaşlarla birlikdə bu iddialı gündəliyin həyata keçirilməsi üzərində işləyəcəyik. Yeni əməkdaşlıq, tərəfdaşlıq formatları və əlavə imkanlar yaradacağımıza ümid edirik", - R.Hacıyev bildirib.
Bankın nümayəndəsinin sözlərinə görə, EBRD əmindir ki, insan kapitalına investisiyalar dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasının əsas şərtidir.
"İnsan kapitalının inkişafı strategiyamızın üç əsas sütunundan biridir. Bu, Azərbaycan üçün xüsusilə vacibdir, çünki ölkənin enerji sektoru dərin transformasiya dövrünü yaşayır", - R.Hacıyev əlavə edib.