Azərbaycanda son günlər boğaz ağrısı ilə müşahidə olunan xəstəlik yayılıb.
Əsasən boğazda şişmə, qıcıqlanma və udqunarkən ağrı ilə özünü büruzə verir.
Bəs görəsən, bu infeksiyadır yoxsa mövsümi xəstəlik?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, bu əlamətlər mövsümi dövrlərdə tez-tez rast gəlinən yuxarı tənəffüs yolu infeksiyalarına aiddir:
“Burada söhbət hər hansı yeni və ya əvvəllər məlum olmayan xəstəlikdən getmir. Boğazda ağrı, şişkinlik, qıcıqlanma və udqunma zamanı narahatlıq kimi hallar tibbdə faringit adlanır və bu, xüsusilə mövsümi dövrlərdə tez-tez rast gəlinən yuxarı tənəffüs yolu infeksiyalarının adi klinik əlamətlərindən biridir.
Faringiti törədən səbəblər həm müxtəlif viruslar (kəskin respirator virus infeksiyaları və s.), həm də bakteriyalar (əsasən streptokokk) ola bilər. Kəskin respirator virus infeksiyaları əsasən mövsümi xarakter daşıyır və bu zaman aparılan müalicə əsasən simptomların yüngülləşdirilməsinə yönəlir. EBV infeksiyası zamanı faringitin müalicəsində adətən antiviral preparatlardan istifadə olunmur.
Yalnız streptokok mənşəli faringit hallarında antibiotik təyininə ehtiyac yaranır. Faringitin səbəbini müəyyən etmək üçün müxtəlif laborator üsullar və ekspress testlər mövcuddur ki, bu da antibakterial müalicənin lazım olub-olmamasını müəyyən etməyə imkan verir.
Ümumilikdə, bu cür hallar əksər hallarda yüngül keçir və həkim tövsiyələrinə əməl edildikdə qısa müddətdə sağalma ilə nəticələnir. Özbaşına antibiotik istifadəsi tövsiyə olunmur, şikayətlər olduqda həkimə müraciət etmək məqsədəuyğundur”.
Səhiyyə Nazirliyi infeksionist boğaz ağrısı xəstəlik faringit