Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən İslam Ticarət və İnkişaf Palatasının Baş Assambleyasının 41-ci iclası çərçivəsində Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İordaniya Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb.
"Report" ASK-ya istinadən xəbər verir ki, sənəd ASK-nın prezidenti Məmməd Musayev və İordaniya Ticarət Palatasının sədri Xəlil Əl-Həcc Tavfiq tərəfindən imzalanıb.
İmzalanmış memorandum Azərbaycan və İordaniya arasında biznes əlaqələrinin genişləndirilməsini, sahibkarlar üçün yeni əməkdaşlıq imkanlarının yaradılmasını və özəl sektorlar arasında institusional əlaqələrin gücləndirilməsini nəzərdə tutur. Sənəd çərçivəsində biznes missiyalarının təşkili, qarşılıqlı investisiya imkanlarının araşdırılması, B2B formatında görüşlərin keçirilməsi, eləcə də təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi planlaşdırılır.
Bu əməkdaşlıq iki ölkənin biznes dairələri arasında əlaqələrin dərinləşdirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və regional iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

