IMG-LOGO

Aİ Sülh Şurasındakı statusunu hələ müəyyənləşdirməyib

16 Feb 2026 17:36 3 baxış
IMG

Avropa Komissiyasının Aralıq dənizi və demoqrafiya məsələləri üzrə komissarı Dubravka Şuitsa fevralın 19-da Vaşinqtonda keçiriləcək Sülh Şurasının iclasında Avropa Komissiyasını təmsil edəcək.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

"Komissar Şuitsa komissiyanı Vaşinqtonda təmsil edəcək. Avropa Komissiyasının prezidenti Sülh Şurasında iştirak etməyə dəvət olunub, lakin komissiya bu strukturun üzvü olmayacaq. Şuitsa Aralıq dənizi regionuna cavabdeh komissar kimi Avropa Komissiyasını təmsil edəcək ki, bu da Avropanın Qəzzada sülhün bərqərar olması istəyini nümayiş etdirir", - o qeyd edib.

Pinyonun sözlərinə görə, Aİ həm Qəzza, həm də Fələstin üçün ən böyük donordur.

"Biz iclasda ona görə iştirak edirik ki, Qəzzada sülh məsələsi ilə bağlı fikir bildirmək hüququmuz var", - o bildirib.

Aİ-nin digər rəsmi nümayəndəsi Giyom Mersye bildirib ki, ötən ilin əvvəlində fələstinlilərə dəstək məqsədilə 1,6 milyard avro dəyərində çoxillik proqram formalaşdırılıb. "Biz həmçinin 2023-cü ilin oktyabrından bəri fələstinlilərə 500 milyon avro məbləğində humanitar yardım göstərmişik", - o deyib.

Xəbər lenti